Avqustun 24-də Qəbələ şəhərində mürəbbə festivalı keçirilib. Bu il ikinci dəfə keçirilən festival Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Milli Kulinariya Mərkəzinin və Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” hotelində təşkil edilən festivalı izləyənlər arasında bir neçə ölkənin Azərbaycandakı səfirləri, mədəniyyət və incəsənət xadimləri, yerli və xarici turistlər olub.
Festivalın açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, artıq ənənə halını alan festival Azərbaycanın mətbəx mədəniyyətini, zəngin kulinariyasını təbliğ etmək məqsədi daşıyır. Tədbirdə şirniyyatçıların ən gözəl əl işləri sərgilənməklə yanaşı, satış-yarmarka da təşkil olunub. Gələn ildən bu festivalın beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır.
Sonra qonaqlar hər bir rayonun şirniyyatçılarının hazırladıqları süfrələrə yaxınlaşaraq samovar çayı ilə müxtəlif çeşiddə olan mürəbbələrin dadına baxıblar.
Festivalda ilk dəfə təqdim edilən pomidor və badımcan mürəbbələri xüsusən xarici qonaqların böyük marağına səbəb olub.
Məlumat verilib ki, ikinci Qəbələ mürəbbə festivalında Şəki, Abşeron, Qobustan, Şamaxı, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Zaqatala, Xaçmaz, Qusar, Quba, Gədəbəy, Goranboy, Gəncə, Oğuz və Qəbələ şirniyyatçıları ilə bərabər, bədii kollektivlər, xalq tətbiqi sənəti ustaları da iştirak edirlər.
Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müxtəlif nominasiyalar üzrə qalib elan olunub. Sevda Baxşıyeva (Gəncə şəhəri, çiyələk mürəbbəsi) birinci, Fizzə Mahmudova (Zaqatala, ərik mürəbbəsi) və Natəvan Musayeva (Goranboy, gül mürəbbəsi) ikinci, Səyyarə Quliyeva (Qəbələ rayonu, heyva mürəbbəsi), Jalə Qədirova (İsmayıllı, gilas mürəbbəsi), Xəyalə Mikayılova (Oğuz, gilas mürəbbəsi) üçüncü yeri tutublar. Qaliblərə pul mükafatı və qiymətli hədiyyələr verilib.
Festivalda təşkilatçılıq baxımından fəal iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinə qızıl, Xaçmaz və Abşeron rayon icra hakimiyyətlərinə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub. Festival maraqlı konsert proqramı ilə başa çatıb.