Maarifləndirici tur-aksiyanın iştirakçıları Qəbələyə səfərdən zəngin təəssürat alıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, avqust, sentyabr və noyabr aylarında respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyalarının marşrutlarından biri də Qəbələ rayonundan keçib.

Ekskursiya iştirakçıları “Əfsanələr paytaxtı”nın tarixi məkanları, qədim abidələri, turizm imkanları, əsrarəngiz təbiəti, müasir inkişafı ilə tanış olublar. Onlara əvvəlcə Qəbələnin qədim tarixi və mədəniyyəti barədə qısa məlumat verilib. Bölgədəki qədim memarlıq abidələrinin mədəni irsimizin nadir incilərindən olduğu diqqətə çatdırılıb. Tur-aksiyanın iştirakçılarına Qəbələnin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar barədə də geniş məlumat verilib.
Məktəblilər Qəbələdəki Heydər Əliyev Mərkəzində ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə və sənədlərə baxıblar.
Aksiya iştirakçıları Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində doqquz əsr Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında geniş məlumat əldə ediblər. Muzeyin əsas fondunda Qəbələnin təxminən 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Qəbələ şəhər məscidi və “Beltmann” piano fabriki də məktəblilərdə böyük maraq doğurub.
Məktəblilər Qəbələnin turizm məkanlarına da baş çəkiblər, o cümlədən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində olublar. Kanat xətti ilə 2 min metr hündürlüyü olan dağın zirvəsinə qalxan şagirdlər oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.