Ənənəvi Qəbələ festivalı incəsənətimizin təbliğinə töhfədir

Heydər Əliyev Fondunun möhtəşəm incəsənət layihəsi olan Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən dünyanın görkəmli musiqiçilərini, bədii kollektivlərini, solistləri, dirijorları qədim mədəniyyət diyarında bir araya gətirir.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə gerçəkləşən musiqi bayramına bu il də Rusiya, Türkiyə, Cənubi Afrika Respublikası, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna və Koreyadan iştirakçılar qatılıblar. İyulun 23-dən avqustun 1-dək davam edən festival konsertlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycanın tanınmış musiqiçiləri, istedadlı gənc solistlər, muğam ifaçıları da çıxış ediblər.
Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünyaya çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edən festival öz beynəlxalq nüfuzunu ildən-ilə artırır. Qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı Azərbaycan Qəbələ festivalı ilə mədəniyyətlərarası dialoqa daha bir töhfə verir. Ənənəvi Qəbələ festivalı eyni zamanda musiqi sənətimizin dünyada təbliğinə xidmət edir.