“Qəbələ - Azərbaycanın Əfsanələr Paytaxtı - 2014” silsiləsindən yaddaqalan tədbirlərin biri də sentyabrın 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində keçirilən poeziya axşamı olub.

Qonaqları salamlayan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova son illər rayonda aparılan tikinti-quruculuq işlərindən, mədəniyyət və turizm sahəsində həyata keçirilən layihələrdən, “Əfsanələr paytaxtı” ilinin tədbirlərindən bəhs edib.
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu çıxış edərək qədim Qəbələnin antik mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayıb: “Qəbələ tarixin sınaqlarından keçmiş, əfsanələrdən boy alıb gəlmiş, əfsanələr yaratmış bir diyardır. Bu gün bu müasir mədəniyyət mərkəzində olsaq da, şüuraltı fikir dünyamız bizi qədim Qəbələnin sehrli aləminə aparır. Bu, Qəbələnin zəngin tarixindən, mədəniyyətindən xəbər verir”.
Millət vəkili, şair Musa Quliyev yerlərdə əhali ilə belə yaradıcılıq görüşlərinin önəmini vurğulayıb, Qəbələnin tarixindən, mədəni irsindən söhbət açıb: “O ölkədə ki, vətəndaşlar poeziyaya, ədəbiyyata böyük maraq göstərirlər, orada harmoniya var, dinamik inkişaf var. Qəbələ rayonu da bu gün tarixinin ən gözəl günlərini yaşayır, inkişaf edir, böyük mədəniyyət mərkəzinə çevrilməkdədir”.
Gənc şairlər Xəyal Rza və Fərid Hüseyn də öz fikirlərini Qəbələnin poeziya həvəskarları ilə bölüşübər.
Daha sonra söz şeirə, musiqiyə verilib. Görüşdə iştirak edən şairlər şeirlərini oxuyublar. Poeziya dəqiqələrini Qəbələ Mədəniyyət Mərkəzinin musiqi kollektivinin ifasında muğamlar, xalq mahnıları əvəz edib. Səslənən poetik nümunələr, musiqilər tədbir iştirakçılarına xoş əhval-ruhiyyə, duyğusal anlar yaşadıb.