İl ərzində gerçəkləşən tədbirlər gələcəkdə yeni layihələrə zəmin olacaq

2014-cü ildə Azərbaycanın “Folklor paytaxtı” elan edilmiş Balakən rayonu ölkənin qədim tarixə və mədəni irsə malik bölgələrindəndir. Bölgədəki milli zənginlik, müxtəlif etnik qrupların tarixən bir arada, mehribançılıq şəraitində yaşaması onun etnoqrafiyasını, xalq yaradıcılığı irsini xüsusilə rəngarəng edir. Balakənin “Folklor paytaxtı” seçilməsi bu mədəni zənginliyə verilən yüksək qiymət olmaqla yanaşı, xalq yaradıcılıq irsinin, milli adət-ənənələrin, eyni zamanda regionun turizm potensialının tanıdılması və təbliğinə mühüm zəmin yaradıb.

Bu münasibətlə rayon Mədəniyyət və Turizm Şöbəsi və İcra Hakimiyyətinin birgə təşkilat komitəsi yaradılıb, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilən müvafiq tədbirlər planına uyğun olaraq müxtəlif mərasimlər, festival, sərgi, təqdimat, dəyirmi masa, konsert proqramları və s. keçirilib. Balakənin “Folklor paytaxtı” kimi tanıtımı üçün müvafiq lövhələr, bayraqlar, kataloq, suvenir, buklet və açıqcalar, banner və digər əyani vəsaitlər hazırlanıb. Tədbirlər planına əsasən, mart ayında Mədəniyyət və Turizm Şöbəsi “Teatr həftəsi” keçirib. Həftə ərsində rayon Mədəniyyət Mərkəzində yerli həvəskar aktyorlar tərəfindən təqdim olunan “Şahsənəm və Gülpəri”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “O olmasın, bu olsun”, “Pəri cadu”, “Vəfalı xarı bülbül” tamaşaları ictimaiyyətin böyük marağına səbəb olub.
“Folklor paytaxtı” ilinin rəsmi açılışı 1 aprel 2014-cü il tarixdə Balakən Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimi ilə gerçəkləşib. Mərkəzin foyesində rayonun el sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş olunub. Mərasimdə rayon İcra Hakimiyyəti başçısının humanitar və siyasi məsələlər üzrə müavini Nəzakət Rüstəmova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyət Seyidova və digər çıxış edənlər “Folklor paytaxtı” adının rayonun tarixində əlamətdar hadisə olduğunu vurğulayıblar. Bədii hissədə bu bölgəyə məxsus milli musiqi alətimiz olan damburda el havaları çalınıb, deyişmələr səsləndirilib, incəsənət məktəbinin “Sənəm hayla” qrupunun ifasında musiqilər mərasimə rəng qatıb.
Tədbirlər planına uyğun olaraq, mart-aprel aylarında tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi və qədim el oyunları, atüstü milli oyunların nümayişi yerli əhalidə və rayona gələn qonaqlarda böyük maraq doğurub. Onu da qeyd edək ki, Balakən komandası hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şəkidə təşkil olunan çövkən oyunlarında fəal iştirak edir.
İl ərzində Balakən rayonunda folklor irsi ilə bağı müxtəlif elmi-praktik konfranslar da təşkil edilib. “Folklorşünaslığın təbliğində alimlərimizin rolu”, “Sən tarixlər beşiyisən” adlı konfranslarda yerli alim və yazarlar fəal iştirak edib.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkil etdiyi “Folklorumuz və milli-mədəni dəyərlərimiz” mövzusunda dəyirmi masada AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru M.İmanov, institutun elmi işçiləri A.Əhmədli, L.Süleymanova və başqa alimlər iştirak ediblər. “Ənənəvi mədəniyyətimizin çağdaş paytaxtları: Balakən folklorunun təbii-sosial qaynaqları”, “Balakənin mədəniyyətinin, dini inanclarının, milli mətbəxinin, ulu ozanlarımızın sərvətinin qorunub saxlanması və təbliği işində muzeylərimizin rolu”, “Balakənin söz sənəti” mövzularında məruzələr dinlənilib.
Balakəndə mədəniyyət sahəsində çalışmış veteran və təqaüdçülərlə gənclərin görüşü, uşaq incəsənət və musiqi məktəbi şagirdlərinin, muğam ifaçılarının iştirakı ilə Hafiz Baxışın “Altı qardaş, bir bacı” poemasının səhnələşdirilməsi, “Musiqi ruhun qidasıdır” adlı musiqi bayramının təşkili, Balakənə məxsus toy adət-ənənələrinin teatrlaşdırılmış təqdimatı, Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Sənətkarlar evində “Bölgənin mətbəxi” mövzusunda daxili turizm sərgisi, “Məhsul bolluğu” bayramı da ilin yaddaqalan hadisələrindən olub.
25-26 sentyabrda Mədəniyyət və Turizm Nazirliyi və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən “Balakən payızı” folklor və turizm festivalı “Folklor paytaxtı” ilinin əsas tədbiri sayıla bilər. Festivalda Dağıstan (Rusiya Federasiyası) və Gürcüstandan, eləcə də respublikamızın Ağdam, İsmayıllı, Masallı, Şəki, Qax və Zaqatala rayonlarından folklor kollektivləri iştirak ediblər. Festival çərçivəsində ədiblərlə görüş təşkil olunub, Bakıdan gəlmiş qonaqlar - Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, şair-tərcüməçi Ənvər Əhməd, şair Sərvaz Hüseynoğlu, gənc şairlər Xəyal Rza və Fərid Hüseyn yerli ədəbiyyat həvəskarları qarşısında çıxış ediblər. Həmçinin Heydər Əliyev Mərkəzində “Folklorda yaşayan tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib. Festival iştirakçılarının rayonun milli azlıqlar yaşayan Qabaqçöl qəsəbəsində çıxışı da böyük maraqla qarşılanıb. İştirakçılar Balakən mətbəxi və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi ilə də tanış olub və bölgə mətbəxinin dadlı təamlarını dadıblar. Festivalın bağlanışında iştirak edən folklor kollektivlərinə rayon İcra Hakimiyyətinin diplomları, Mədəniyyət və Turizm Şöbəsi tərəfindən hədiyyələr təqdim edilib.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyət Seyidova deyib ki, bu cür festivallar bölgənin mədəni həyatına müsbət təsir göstərməklə yanaşı, rayona gələn qonaqların və turistlərin sayının artmasına da səbəb olur. Şöbə müdirinin bildirdiyinə görə, Balakən rayonu il ərzində ölkəmizdə və xaricdə keçirilən müxtəlif festivallarda da uğurla təmsil olunub. Rayon təmsilçiləri Moldova Respublikasının Komrat şəhərində keçirilən “Xədərləz” beynəlxalq folklor festivalı, eləcə də Bakıda təşkil olunan "Azərbaycan - doğma diyar" Milli Azlıqların IV Respublika Festivalında, Masallıda folklor festivalı, Şəkidə “Şirniyyat festivalı”, Qəbələdə keçirilən “Mürəbbə festivalı” və Lerik rayonunda keçirilən “Uzunömürlülər festivalı”nda iştirak ediblər.
İl ərzində rayon Mədəniyyət Mərkəzində və onun kənd filiallarında bölgəyə məxsus qədim el havalarının, xalq musiqi və rəqslərinin öyrənilməsi üçün təşkil olunmuş dərnəklərə, qədim musiqi növlərinə, “Cahan” və “Şəlalə” folklor qruplarının, uşaq incəsənət və musiqi məktəbində yaradılmış “Haylaçı Sənəm” qrupunun ifalarına baxış keçirilib.
Noyabrın 29-da Mədəniyyət və Turizm Şöbəsi böyük bir heyətlə Azərbaycan Televiziyasının “Səhər” proqramında iştirak edib, Balakən folklorunun tarixi, “Folklor paytaxtı” çərçivəsində görülən işlər haqqında məlumat verilib, milli adət-ənənələri əks etdirən rəqslər, tambur havaları və milli mətbəximiz nümayiş etdirilib.
Bundan əlavə, rayon Tarix-Diyarşünaslıq Muzeyində “Folklorumuz və muzeylərimiz” mövzusunda elmi-praktik konfrans, Mərkəzləşdirilmiş Kitabxana Sistemində AMEA-nın Folklor İnstitutunun “Azərbaycan folklor antologiyası” silsiləsindən çap olunmuş “Şəki-Zaqatala folkloru” (XIII cild) kitabının təqdimatı və digər tədbirlər keçirilib.
Bütövlükdə “Folklor paytaxtı” ili Balakən rayonunun mədəni və ictimai həyatında zəngin iz qoyaraq bölgənin xalq yaradıcılıq irsinin, adət-ənənələrinin təbliğinə, rayonun tanıdılmasına mühüm töhfə verib. İl ərzində gerçəkləşən tədbirlər gələcəkdə bu qəbildən yeni layihələrin həyata keçirilməsinə zəmin olacaq.