Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmiz tarixi-mədəni irsi, adət-ənənələri, əsrarəngiz təbiəti ilə zaman-zaman bu torpaqlara ayaq basan əcnəbilərin diqqətini cəlb edib. Balakən rayonu da tarixi abidələri, gəzməli-görməli yerləri ilə Azərbaycan mədəniyyətinin maraqlı bir parçasıdır. Azərbaycanın məbədlər diyarı sayılan Balakəndə ölkə və dünya əhəmiyyətli bir çox abidələr var.

Rayon dağlarla, yamyaşıl yamaclarla əhatələnib. Uca zirvələri isə hər zaman ağ örpəklə örtülü olur. Bu dağlar turizm və qış idman növlərinin, o cümlədən turistlərin daha çox maraq göstərdikləri alpinizmin inkişafına şərait yaradır.
1984-cü ildən fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyi zəngin eksponatları ilə ziyarətçilərin diqqətini özünə cəlb edir. Balakənə qədəm qoyan hər bir qonaq bu muzeyə mütləq baş çəkir, tarix və mədəniyyət yadigarları ilə tanış olur. Hazırda muzeydə 5 mindən çox eksponat var. Burada arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim tapıntılar, həmçinin rayonun tarixi-mədəni mənzərəsini əks etdirən qiymətli eksponatlar nümayiş olunur. Rayonun Kortala kəndi ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində eramızdan əvvəlki dövrə aid yaşayış məskəni, həmçinin Qafqaz Albaniyasının mədəniyyətini, sənətkarlığını əks etdirən çoxlu sayda saxsı qablar aşkar edilərək muzeyə təqdim edilib.
Muzeydəki “Min bir dərdin dərmanı” guşəsində 102 növ dərman bitkisinin kolleksiyası, “Yerüstü və yeraltı” sərvətlərimiz guşəsində müxtəlif növ ağaclardan hazırlanmış əşyalar, filiz nümunələri sərgilənir. Həmçinin qədim alban tayfalarına məxsus kurqanlardan aşkarlanmış tapıntılar da maraq doğurur.
Balakənin 2014-cü ildə Azərbaycanın “Folklor paytaxtı” elan olunması rayonun mədəniyyət ocaqlarının fəaliyyətini daha da canlandırıb. İl ərzində yerli incəsənət kollektivləri, rəqs qrupları əhali qarşısında rəngarəng konsert proqramları ilə çıxış edib, habelə respublikamızda və xaricdə keçirilən festivallara qatılıblar.
Xalqımızın mədəni irsini, minilliklərin o üzündən süzülüb gələn folklor yaddaşını yaşadan Novruz bayramı bu il Balakəndə daha böyük təmtəraqla qeyd olunub. “Folklor paytaxtı” missiyası ilaxır çərşənbələr və Novruz şənliklərinə əlavə rəng qatıb. Etnik zənginliyi ilə seçilən, müxtəlif azsaylı xalqların yaşadığı rayonun kəndlərində bu mərasimlərin hər birinin öz çaları, öz xüsusiyyəti var.
Mədəniyyət mərkəzində rayon uşaq incəsənət məktəbinin Bahar bayramı münasibətilə təqdim etdiyi konsertdə folklor nümunələrindən tamburla yerli rəqs, qızlardan ibarət “Sənəm” hayla qrupunun çıxışı, çərşənbələrə həsr olunmuş musiqili kompozisiya, muğam parçaları tamaşaçılara unudulmaz anlar bəxş edib.
Qabaqçöl qəsəbə mərkəzindəki Novruz şənliyi bu qədim diyarın milli rəngarəngliyini, mehribanlıq içində yaşayan müxtəlif xalqların irs və ənənələrinin necə qaynayıb-qarışdığını bir daha nümayiş etdirdi.