Balakənin folklor kollektivləri festivallarda uğurla iştirak ediblər

Balakən Azərbaycanın etnik baxımdan ən zəngin bölgələrindən biridir. Rayonda 27 xalqın nümayəndəsi yaşayır. Milli irsin qorunub saxlanmasında və inkişaf etdirilməsində hər bir millətin adət-ənənələrinə önəm verilir, keçirilən mədəniyyət tədbirlərində milli azlıqların kollektivləri fəal iştirak edirlər. Avarların Qaysa kənd mədəniyyət evində “Cahan” folklor ansamblı, Şambul kənd mədəniyyət evində “Qızlar” rəqs qrupu, Mahamalar kənd mədəniyyət evində “Təbəssüm” rəqs qrupu, ingiloylar yaşayan İtitala kənd mədəniyyət evində “Şəlalə” rəqs studiyası fəaliyyət göstərir.
Bölgənin folklor və sənət irsində ikisimli tambur alətinin öz yeri var. Qədim zamanlardan tambur el şənliklərinin, toy məclislərinin, məhsul bayramlarının bəzəyi olub. Tamburu həm kişilər, həm də qadınlar ifa edərək haylalar (bayatılar) söyləyib, rəqslər ifa ediblər. Bu adət rayonun Mahamalar, Tülü, Talalar, Qabaqçöl kəndində xüsusilə geniş yayılıb. Keçən əsrin 30-cu illərindən balakənli söz ustası, Azərbaycan aşıqlarının I qurultayının iştirakçısı aşıq Sənəmin haylaları hələ də dillərdə əzbərdir, onun şərəfinə “Sənəm” hayla qrupu yaradılıb.
Rayonun folklor kollektivləri respublika və beynəlxalq festivallarda uğurla iştirak edirlər. 2014-cü il 23-25 iyun tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Doğma diyar” Milli Azlıqların IV Respublika Festivalında Balakən təmsilçiləri də rəngarəng çıxışları ilə yadda qaldılar. Festivalın Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkəmizdəki etnik müxtəliflik Azərbaycanın milli-mənəvi zənginliyidir. Folklor xəzinəmizdə də hər xalqın öz payı var. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, çoxmillətlilik bizim sərvətimizdir. Bu cür festivallar da həmin zənginliyin göstəricisidir.
İyunun 13-dən 15-dək Masallıda rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi beynəlxalq folklor festivalının iştirakçıları arasında da Balakən təmsilçiləri vardı. Onlar Astara, Ağcabədi və Masallı rayonlarının folklor kollektivləri ilə birlikdə Azərbaycanın zəngin folklor irsini nümayiş etdirdilər.
Mayın 2-dən 8-dək Moldova Respublikasının Qaqauz Yeri muxtar bölgəsinin Komrat şəhərində “Xədərləz” beynəlxalq folklor festivalında da Azərbaycanı Balakən rayonunun folklor kollektivi təmsil edib. Beynəlxalq folklor bayramında kollektivin təqdim etdiyi musiqi və rəqs nümunələri maraqla qarşılanıb. Balakən təmsilçilərinin çıxışları bölgənin folklor özəllikləri ilə yanaşı, ümumilikdə Azərbaycanın zəngin xalq yaradıcılığı irsinin təbliği və tanıdılmasına töhfə olub.