Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyinin “Bayatı” kitab mağazasında yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Metro vadisi” adlı yeni kitabının imza günü keçirildi. Qutlu olsun! Kitab 2008-ci ildə müəllifin “Vektor” Beynəlxalq Elm Mərkəzinin Şahmar Ələkbərzadə adına ədəbiyyat mükafatına layiq görülməsi münasibətilə həmin mərkəz tərəfindən nəşr edilib. Kitaba E. Hüseynbəylinin “Metro vadisi” romanı, hekayə, pyes və publisistik yazıları daxil edilib.
   Məqalədə yalnız “Metro vadisi“ romanından danışılacaq. Romanı oxudum və bəyəndim. Əsər sinkretik roman üslubunda yazılıb. Əsərdə qadın həyat yoldaşını, yoxsa qardaşını çox sevir dilemması müəllif rakursundan keçirilir. Bu “problemi” yazıçı tarixi və müasir kontekstlərdə açmağa çalışıb. Roman kəskin intriqalar və qəribə hadisələrlə zəngindir. Əsər konkret fəsillərdən ibarət olmadığından rəqəmlərlə ayrılmış hissələri şərti olaraq bölmə adlandıraraq hər bölmə haqqında təəssüratlarımı yazıram.
   
   
   1
    Bu bölmədə təhkiyə modeli çox uğurlu seçilib. Hadisələr bir nəfərin dilindən danışılır, ikinci dərəcəli sürətlərsə sadəcə əsas obrazları danışmağa vadar edir, nələrisə soruşur, hadisələrin başlanğıc nöqtəsini göstərir. Sanki “söz-sözü çəkir” və yazıçı fikirlərini oxucuya məhz bu yolla çatdırmağa çalışır. Uşaqlıq illəri təsvir olunarkən hadisələri nisbətən yetkin adam uşaq dili ilə danışır. Əlçatmaz uşaqlıq illərini xatırlayarkən təhkiyə uyğunsuzluğuna yol verilmir. “Mən hər gün həsrətlə baxdığım qatara minmək, limonad içə-içə, şirin kökə yeyə-yeyə, yırğalana-yırğalana alabəzək şəhərə getmək istəyirdim. “Assosiativ yaşantıları yazıçı nəzərdən qaçırmır.
   E.Hüseynbəyli Moskvada təhsil alıb, Bakıda yaşasa da, öz doğulduğu məkanın şəhdi-şirəsini qoruyub saxlayan doğma şivəsini unutmur. Hekayə boyunca bu prinsip qorunur. Bu cəhəti nəsrimizdə yaradan və qoruyan, oxucuya sevdirən Ə. Əylisli olub. Müasir yazarlardan isə nisbətən Elçin Hüseynbəyli bu ənənəyə sadiq qalır. Yeni gələn nəsil isə daha çox Bakı həyatından yazmağa üstünlük verir. Son on ildə yaranan nəsrdə kənd həyatının təsviri enməyə doğru gedir. Kənddən şəhərə gələnlər belə şəhər mühitindən, şəhər insanlarının taleyindən yazırlar. Bu bölmədə əsas personajların adı verilmədiyi halda obrazlar öz yaxınları haqqında elə danışırlar ki, sanki oxucu əvvəlki səhifələrdən onlarla tanışdır. “Babam isə öz atını hörmət-izzətlə basdırmaq istədi və Eyvazın altı rezin təkərli arabasına yükləyib apardı. Onu aparmağa dördcə kişi bəs elədi. Qonşumuz Süleyman, keçəl Məşədi, ayaqyalın Novruz və gavur Qulam”. Sinkretik romana xas olan tam hökmvermə və əsərin əvvəlini sonu kimi əks etdirmə və obrazlarla tanış olmayan oxucuya nələrisə anlatmaq baxımından uğurlu metoddur. Məsələn, “Master və Marqarita” romanında Ponti Pilat haqqında heç bir təsəvvür olmadan onun haqqında Mixail Afanasiyeviç Bulqakov xeyli danışır, oxucu çaşbaş qalır. Sintetik romanın ənənəvi romanlardan üstün cəhəti də budur. Oxucu romanın çox hissəsini oxuyur, ancaq sonunun necə qurtaracağını təsəvvür edə bilmir, sonda sübut olunur ki, bir-biriylə əlaqəli olmayan hadisələr heç də təsadüfi deyilmiş. Romanı oxuyarkən bəzi söz və söz birləşmələri vardı ki, maraqlı göründüyündən həmin sözlərin, yaxud ifadələrin altından xətt çəkdim. Çünki həmin sözlərin bir çoxuna bədii əsərlərdə rast gəlməmişəm. Məsələn, “sıpsığallıydı”, “su onu qırçınladıb apardı” və.s. Bunlar dilin leksikonunda olan, amma çox az işlədilən sözlərdir.
   2
   Şərti olaraq iki yazılan hissə daha maraqlıdır. Dialoqlar uğurlu alınıb. Dil axıcılığı daha qabarıqlaşır və müəllif oxucunu qəsdən “ora-bura” dartmaqla müəmmalar artırır. Oxucu ayrı-ayrı məqamlar da əvvəlki hadisələrlə bağlılığı itirir. Bu baxımdan roman oxucuya qismən yorucu görünə bilər. Fəqət nəzərə almaq lazımdır ki, sinkretik romanın süjeti müxtəlif istiqamətlərdə inkişaf edir. Bəzən yazıçı “maraq balansını” itirməmək üçün lətifəsayağı təhkiyədən də istifadə edir. Bu üsulla, ironiyanın köməyi ilə oxucunun diqqətini ictimai prosesə də cəlb edir. “Lakin onun sonradan Dılğırıstan adı verdiyi məkanda yaşamağın gündən-günə əzaba çevrildiyini anlamış və dostum barədə yanlış fikirlərimə görə xəcalət çəkmişdim”.
   3
   Romanın ən irihəcmli, ən çox diqqətimi cəlb edən hissəsidir. Bu hissədən sonra romanı oxucu oxumağa bir növ “məcbur olur”. Yazıçı əla bədii texnikadan istifadə edir, bundan sonrakı səhifələri oxucu özü üçün həll edə bilmədiyi daxili münaqişələri sahmana salmaq, müəmmaları çözməkdən ötrü daha diqqətlə oxuyur. “Metro vadisi” haqqındakı müəmmaların əsası qoyulur. Vadidəki sandıq, sandıqdakı insan sümükləri və obrazların konfliktləri həlletmə cəhdləri məhz bu bölmədən başlayır. Bəzən yazıçı informasiyadan qəsdən yayınır və yalnız olmuş hadisələrin təsvirini verir.
   4
    Əvvəlki bölməylə sırf əlaqəli olan süjetin, müəmmaların kəsişdiyi nöqtədir. Şah İsmayıl, Ziyad xan, Zərrintac və b. haqqında məlumat verilir. Bu məqamda zaman fərqləri üzə çıxır. Oxucu bu bölmədən sonra keçmiş və yaşadığı zamanın fərqinə varır.
   5
   Bu bölmə daha çox ümumi təhkiyə yox, dialoqlar üzərində qurulub. Qızılbaşlarla Şirvanşahların münasibətlərindən danışılır və romanın foks nöqtəsi olan qadın ərini çox sevir, yoxsa qardaşının məsələsi ilkin olaraq burada üzə çıxır. Sevanın qardaşının qaçırılması və gizlədildiyi yer haqqında ümumi mülahizələr diqqət çəkir. Qadının qardaşını, yoxsa həyat yoldaşını çox sevməsi məsələsinin ilk ştrixi nəzərə çatdırılır.
   6
   
Tarixi hadisələrlə daha zəngin bölmədir. Burada Toxtamış xanın Azərbaycana hücumu və Şirvanşahlar dövrü təsvir edilir. Əsərdə qoyulmuş problem ilkin olaraq qısa şəkildə həllini tapır. Şeyx Mahmudun qızı Nisəbəyim qardaşlarına görə ərini öldürür. Yazıçı müxtəlif aspektlərdə qoymuş olduğu problemi istər müasir, istərsə də tarixi kontekstdə həll etməyə çalışır. Beləliklə, əsərin məğzi anlaşıqlı dillə ilkin həllini tapır.
   7
   
Sevanın qardaşını axtarmaq üçün gəldikləri zirzəmidə uşağını öldürmüş qadınla rastlaşırlar, qadın həyatını danışır. Yazıçı bilərəkdən oxucunun fikrini ayrı istiqamətə çəkir. Hadisələrin müxtəlif şəkildə bir-biriylə bağlılığını gözləyən oxucu növbəti hissələrdə həmin qadın haqqında danışılacağını gözləsə də, qadın haqqında bitkin məlumat verilmir. Göründüyü kimi, əsərin ortasında yazıçı tam başqa bədii texnikadan istifadə edir.
   8-9-10
   
Bu üç bölmə sırf tarixi hadisələri əhatə edir, ancaq süjet qırılmır. Tunel əvvəllər saray üçün gizli bir məkan olub. Qızılbaşlar elçilərini qaladan atdıran Şirvanşahlara qarşı hücuma keçirlər. Zərrintac oğlu Mahmudun ölməməsi üçün qaladan qaçmasını istəyir. Zərrintac və qardaşı Bahadur xan ölürlər. Əsərdə düyünlərin açıldığı ilk nöqtə sayıla bilər. Əsərin iki ana xətti olduğu tam müəyyənləşir. Oxucu üçün çox gizli mətləblər faş olur.
   11
   
Bu bölmə sanki romanın daxilində müstəqil novella təsirini bağışlayır. Seva qardaşını tapdığını zənn edir, amma tapdıqları adam qardaşı olmur. Əsərin bu yerini oxuyarkən çox həyəcanlandım, ancaq gözlədiklərimlə rastlaşmadım. Tapılan adamın Sevanın qardaşı olmaması oxucunu qəribə bir anlaşılmazlığa aparır. Yazıçı bu üsulla hələ gözlədiyinə çatmayan oxucunu bir az da intizarda saxlayır.
   İkinci bölmədə olduğu kimi, burada da E.Hüseynbəyli qısa situasiyalar daxilində ironiya ilə bəzi məqamlara toxunur. “Haradansa radionun və televizorun səsi gəlirdi: “Prezident korteji aeroport yolunda iki piyadanı əzib”.
   12-13-14-15-16
   
Bu beş bölmə epiloq təsiri bağışlayır və müəmmalar açıqlanır, konfliktlər həll olunur. Hadisələrin zəncirvari bağlılığı nəzərə çarpır. Seva qardaşını tapır. Zərrintac və qardaşı Bahadur xanın qətli açıqlanır. Ümumən əsərin problematik tərəfi faş olur. “Qardaşı sona qədər Zərrintaca sadiq qaldı, - Seva məyus-məyus dedi: ancaq onun yanında Qazi bəy də ola bilərdi”.
   
    Fərid Hüseyn