Abşeron rayonunda rəngarəng tədbirlər keçirilib

Son illər Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsi istiqamətində sistemli işlər görülür. Bölgələrimizin diyarşünaslıq, folklor və sənətkarlığının dəstəklənməsi üçün müxtəlif layihələr, proqramlar həyata keçirilir. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramının müstəsna əhəmiyyəti var. Proqrama əsasən Abşeron rayonu 2014-cü ildə Azərbaycanın “Sənətkarlıq paytaxtı” seçilib. İl ərzində rayonda bu münasibətlə dəyirmi masalar, konsertlər, sərgilər, görüşlər və s. tədbirlər keçirilib.

Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafovun bildirdiyinə görə, “Sənətkarlıq paytaxtı” loqosunun hazırlanmasında rayonun zəngin el sənəti irsi nəzərə alınıb. Loqoda Abşeron rayonunun 15 kənd və qəsəbəsi, Bakı xalçaçılıq məktəbinə aid xalça ornamentləri əksini tapıb. “Sənətkarlıq paytaxtı” ilə bağlı müxtəlif tanıtım vəsaitləri - lövhələr, banner və suvenirlər, nəşrlər, habelə internet materialları hazırlanıb.
“Sənətkarlıq paytaxtı”nın silsilə tədbirlərinə Novruz bayramı ərəfəsində start verilib. Bayram münasibətilə rayonunun Pirəkəşkül qəsəbəsindəki “N” saylı hərbi hissədə, Novxanı kəndində, Xırdalan şəhərində, Qobu, Masazır, Ceyranbatan, Saray qəsəbələrində meydan tamaşaları və şənliklər keçirilib. Rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivlərinin, Xırdalan şəhər uşaq musiqi məktəbi şagirdlərinin ifaları maraqla qarşılanıb. Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Dənizkənarı Milli Parkda keçirilən Novruz şənliklərində Abşeron sənətkarlarından xalçaçı Firəngiz Orucova, dekorativ sənət ustaları Azər Bayramov, Bədirə Əliyeva, Əfsanə Musalı da əl işlərini nümayiş etdiriblər.
Aprelin 10-da Abşeron Mədəniyyət Mərkəzində rayon ictimaiyyətinin, eləcə də əvvəlki illərdə xalq yaradıcılığı paytaxtları elan olunmuş rayon və şəhərlərin mədəniyyət və turizm şöbələri rəhbərlərinin, xalq sənətkarları, incəsənət ustalarının iştirakı ilə mərasim keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin “Sənətkarlıq paytaxtı” kuboku və fəxri diplomu Mədəniyyət və Turizm Şöbəsinə təqdim edilib. Mərkəzin foyesində rayon sənətkarlarının əl işləri - taxta üzərində oyma, heykəltəraşlıq, bədii tikmə, xalça nümunələri və s. sərgilənib, el sənətkarlarının iş prosesi nümayiş etdirilib.
18 aprel - “Beynəlxalq abidələr və tarixi yerlər günü” ilə əlaqədar “Abşeronun tarixi və mədəni abidələrinin ikinci həyatı” adlı sərgi-seminar keçirilib, məktəblilərin rayonun tarixi abidələrinə ekskursiyası təşkil olunub. Qobu qəsəbəsindəki Sənətkarlıq evində “Qədim el sənətini yaşadanlar” adlı xalça ustaları ilə görüşdə isə tədbir iştirakçıları xalq tətbiqi sənəti, dekorativ və təsviri sənət nümunələrinin daimi sərgisi ilə tanış olublar.
May ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə təşkil olunan “Gül bayramı”nda rayonun bütün kənd və qəsəbələrinin dekorativ, təsviri və xalq tətbiqi sənət ustalarının iştirakı ilə sərgi keçirilib. Bu münasibətlə paytaxtdakı Muzey Mərkəzində təsviri və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi-seminarda abşeronlu sənətkarlar - rəssam Elçin Muradov, dekorativ-tətbiqi sənət ustaları Azər Bayramov və Nüşabə Abdullayeva iştirak edərək diplom və fəxri fərmanla mükafatlandırılıblar.
Yerli sənətkarların əl işləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki “Neapol” istirahət mərkəzində keçirilən “Ailə bayramı”nda da böyük maraq doğurub. 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar Xırdalandakı Mədəniyyət Mərkəzində məktəblilərin əl işlərindən ibarət “Möcüzəli Abşeron” adlı sərgi keçirilib.
Rayonun tarixində ilk dəfə olaraq “Azərduz” İstehsalat Birliyinin Masazır kəndindəki duz zavodunda Abşeron Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Duz bayramı” keçirilib, sənətkarların duzdan hazırladıqları müxtəlif fiqurlar, büstlər tədbir iştirakçılarının marağına səbəb olub. Duz bayramında rayonun özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.
“Sənətkarlıq paytaxtı” ili rayonun yaradıcı insanları üçün əlamətdar tədbirlərlə müşayiət olunub. Belə ki, Azərbaycan Rəssamlar İttifaqının 55 illik yubileyi münasibətilə abşeronlu fırça ustası Elçin Muradovun ittifaqın sərgi salonunda fərdi sərgisi keçirilib. Rəssam Mədəniyyət və Turizm Nazirliyinin və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanları ilə təltif edilib.
Avqustun 24-də “Əfsanələr paytaxtı” Qəbələdə təşkil olunan “Mürəbbə festivalı”nda Abşeron rayonundan da nümayəndələr iştirak ediblər. Festival çərçivəsində Qobu sənətkarlarının təqdim etdiyi xalq tətbiqi sənəti nümunələri iştirakçıların marağına səbəb olub. Festivalda təşkilatçılıq baxımından fəal iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinə bürünc medal təqdim edilib.
Ceyranbatan qəsəbəsində 18 sentyabr - Üzeyir Musiqi Günü münasibətilə keçirilən bayram tədbirlərində rayon uşaq incəsənət məktəbinin şagirdləri konsert proqramı təqdim edib, rəsm sərgisi nümayiş etdiriblər.
“Sənətkarlıq paytaxtı” ili ərzində respublikanın tanınmış yazıçı və şairləri ilə görüşlər təşkil edilib. Milli Məclisin üzvü, yazıçı-publisist Elmira Axundova, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, yazıçı Elxan Elatlı, şairlər Ramiz Məmmədzadə, Şəhla Ağbulud, Məlahət Yusifqızı, abşeronlu yazıçı Gülnarə Qurbanova ilə görüşlər olub, kitab təqdimatları keçirilib.
Rayon məktəbləri arasında rəsm müsabiqələri, xalq tətbiqi və dekorativ sənət sərgiləri, sənətkarların emalatxanalarına ekskursiyalar təşkil olunub. Bu mövzuda keçirilən dəyirmi masalarda sənətkarlar mədəni irsin gənc nəslə öyrədilməsi, təbliğ edilməsi haqqında söhbətlər aparıb, təcrübələrini bölüşüblər. Qobu və Novxanıdakı sənətkarlıq evlərində dərnəklər yaradılıb.
İl ərzində Abşeronun mədəni irsi ölkəmizdən kənarda da təqdim olunub. İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi, İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzi Dərnəyi və Manisa Gözəl Sənətlər və İdman Liseyinin dəvəti ilə 16-23 mart tarixində bu şəhərlərdə “Abşeron - sənətkarlıq paytaxtı” mövzusunda təqdimatlar keçirilib. Tədbirlərdə rayonun zəngin mədəniyyətinin, sənətkarlığının, musiqisinin, adət-ənənələrinin nümayişi qonaqların marağına səbəb olub. Rayonun Qobu qəsəbəsinin dekorativ-tətbiqi sənət ustaları Firəngiz Orucova, Azər Bayramov, Rəfiqə Bəşirova noyabrın 28-dən dekabrın 10-dək Türkiyənin paytaxtı Ankarada keçirilən XI beynəlxalq xalq yaradıcılığı və dekorativ-tətbiqi sənət sərgisində iştirak ediblər.
Ümumilikdə 2014-cü il “Sənətkarlıq paytaxtı” Abşeron üçün sənət dolu bir il olub. İl ərzində görülən işlər, keçirilən tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.