Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə ənənəvi olaraq keçirilən Gül bayramı bu il daha möhtəşəm olub. “Sənətkarlıq paytaxtı” ili bayramda təqdim olunan əl işlərinin zənginliyində də özünü göstərib.
Xırdalan şəhərinin mərkəzi meydanında keçirilən gül sərgisində rayon məktəblilərinin, uşaq yaradıcılıq mərkəzlərinin şagirdləri, eləcə də uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış müxtəlif mövzulu əl işləri nümayiş olunub.
Təqdim olunan kompozisiyalar və kolleksiyalar gözlər önündə gül-çiçəklərdən ibarət əsrarəngiz bir aləm canlandırıb. Hər bir çalarda, hər bir rəng koloritində, hər ilmədə, hər naxışda bir istək, bir arzu, bir məna, ulu öndərə sonsuz sayğı və ehtiram əksini tapıb. Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan və ifadəliliyi ilə seçilən rəngarəng kompozisiyaların görünüşü tədbir iştirakçılarında əsl bayram ovqatı yaradıb.
Bayram çərçivəsində kitab sərgisi də keçirilib. Sonra meydanın mərkəzində qurulan səhnədə rəngarəng konsert proqramı təqdim olunub.