Abşeronun “Sənətkarlıq paytaxtı” elan olunması ilə əlaqədar il ərzində rayonun ayrı-ayrı qəsəbə və kəndlərində də tədbirlər təşkil olunub. Oktyabrın 21-də Görədil folklor klubunda təşkil olunan “Bizdə şeir də var, sənət də vardır” adlı poeziya, muğam və yumor gecəsi də tamaşaçılara xoş təəssürat bəxş edib.
Gecədə “Çıraq” poeziya klubunun üzvləri şeirlərini söyləyib, “Xəzri” xalq çalğı alətləri ansamblının üzvləri Təyyar Mirzəyev və Qəhrəman Qəmbərov muğam və təsniflər ifa ediblər. Məmmədkərim Səmədov yazdığı miniatürləri təqdim edib.
Klubun qarmonçular dərnəyi üzvlərinin ifası da maraqla qarşılanıb. Mədəniyyət mərkəzində fəaliyyət göstərən xalq teatrının ifasında “Arşın mal alan” və “Durna” musiqili komediyalarından parçalar nümayiş olunub.