Bu il Abşeron rayonunda yeni mədəniyyət və istirahət məkanları istifadəyə verilib

Son illər, ölkəmizin digər bölgələri kimi, Abşeron rayonu da sürətli inkişaf mərhələsini yaşayır, aparılan quruculuq-abadlıq işləri, yaradılan yeni sosial obyektlər, mədəniyyət müəssisələri, istirahət guşələri rayonun simasını gözəlləşdirir, sakinlərin rifahına xidmət edir. Bu baxımdan “Sənətkarlıq paytaxtı” ili rayon üçün xüsusilə əlamətdar olub.

İl ərzində yüksək sənətkarlıq zövqü və xüsusi memarlıq üslubunda inşa edilən Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, “Park Abşeron” əyləncə mərkəzi, Xırdalan şəhər musiqi məktəbi, şahmat məktəbi, rayonun Masazır qəsəbəsində 13 min tamaşaçı tutumlu stadion və digər obyektlər istifadəyə verilib. Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məkanlarla tanış olub, açılışlarda iştirak edib.
Rayonda həyata keçirilən abadlıq işləri sırasında Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidən qurulması mühüm əhəmiyyət daşıyır.
İlham Əliyev Xırdalanda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub. 12 hektar ərazisi olan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik uzlaşdırılıb, orijinal elementlərlə zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.
Xırdalan şəhərinin ən gözəl memarlıq nümunələrindən birinə çevrilən Heydər Əliyev Mərkəzi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği ilə yanaşı, çoxfünksiyalı mədəniyyət məkanı kimi də sakinlərə xidmət edəcək.
Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var. Yaradılan şərait gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar açır.
“Park Abşeron” əyləncə mərkəzi də Xırdalan şəhərinin, rayon sakinlərinin sevimli məkanlarından biridir. Dizaynına, memarlıq quruluşuna görə şəhərin simasına xüsusi yaraşıq verən mərkəz xüsusilə uşaq və gənclər üçün maraqlı istirahət imkanı yaradır. Burada 3D sinema, 3D tir otağı, boulinq zalı, buz meydançası yaradılıb.
“Sənətkarlıq paytaxtı” ilində rayon sakinlərinə verilən mühüm mədəniyyət töhfələrindən biri də Xırdalan şəhərində musiqi məktəbinin yeni binasının açılışı oldu.
Yüksək zövqlə, milli musiqi alətlərimizin simvollarının da əks olunduğu gözəl memarlıq elementləri ilə inşa edilən məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə mədəniyyətin inkişafı istiqamətində xidmətlərinin əks olunduğu fotolar nümayiş etdirilir. Geniş sinif otaqlarının yaradıldığı məktəbdə şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait var. Bütün siniflər musiqi alətləri ilə təchiz olunub. Müəllimlər üçün də yüksək iş şəraiti yaradılıb. Kitabxana zəruri musiqi ədəbiyyatı ilə təchiz olunub. 82 nəfərlik akt zalında müxtəlif tədbirlərin, konsert proqramlarının keçirilməsi üçün bütün imkanlar var. Bir sözlə, son illərdə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən irimiqyaslı işlərin tərkib hissəsi olan bu musiqi məktəbi gənclərdə musiqi zövqünün formalaşmasında xüsusi rol oynayacaq.