Noyabrın 28-dən dekabrın 8-dək Türkiyənin paytaxtı Ankarada keçirilən XI el sənətləri və hədiyyəlik əşyalar sərgisində Abşeron rayonunun sənətkarları ölkəmizi uğurla təmsil ediblər.

“Rem Fuarcılık” şirkəti tərəfindən təşkil olunan ənənəvi sərgiyə türkdilli ölkələr, habelə Rusiya, İran, Gürcüstan, Çin, Hindistan, Misir - ümumilikdə 40-dək ölkə qatılıb.
Ankaradakı “ATO Congresium” mərkəzində açılan sərgidə Abşeron rayonunun Qobu qəsəbəsinin xalçaçıları Firəngiz Orucova, Rəfiqə Bəşirova və ağac üzərində oyma sənəti ustası Azər Bayramov iştirak edib. Azərbaycanlı sənətkarların əl işləri sərgidə böyük maraq doğurub. Dekabrın 1-də sərgini ziyarət edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan guşəsi ilə də tanış olub.
Türkdilli ölkələrin sənətkarlarının TÜRKSOY-un baş katibi ilə görüşü də keçirilib. Düsen Kaseinov el sənətkarlarının belə bir sərgidə bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb: “Sizlər ortaq türk mədəniyyətimizin zənginliyindən ilham alaraq bənzərsiz əsərlər yaradan dəyərli sənətkarlarsınız. Əl işlərinizin türk torpaqlarında yaşayan bütün xalqlara çatdırılması çox önəmlidir. Belə sərgilər həm mədəni mübadilə, həm də yeni işbirliyi baxımından əhəmiyyət kəsb edir”.
Türkdilli ölkələrin sənətkarları TÜRKSOY-un baş katibinə hədiyyələr təqdim ediblər. Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İ.Manafov rayonun bu il Azərbaycanın “Sənətkarlıq paytaxtı” seçilməsi haqqında baş katibə məlumat verib. D.Kaseinova üzərində Abşeronun loqosu toxunmuş Qobu xalçası hədiyə edilib. Sonda xatirə şəkli çəkdirilib.