Qəbələ rayonunun Nic qəsəbəsinin sakinləri olan udinlər hər il olduğu kimi, bu il də Milad bayramını təntənə ilə qeyd ediblər. Udinlər yanvarın 7-də qəsəbədəki “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasiminə toplaşıblar.
Tədbirdə alban-udin icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətimizin onlara olan diqqət və qayğısından danışıblar. Bayram münasibətilə təbriklər səsləndirilib.
Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasının ölkədə hökm sürən tolerantlıq mühitinə gözəl nümunə olduğunu qeyd ediblər. Məlumat verilib ki, dünya xristianları mənsub olduqları məzhəblərdən asılı olaraq, Milad bayramını müxtəlif günlərdə (dekabrın 25-dən yanvarın 7-dək) keçirirlər. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub.