Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı respublikamızın hər yerində olduğu kimi, Astara rayonunun mədəniyyət müəssisələrində də tədbirlər keçirilir. Belə tədbirlərdən biri də yanvarın 15-də rayon Mərkəzi kitabxanasında gerçəkləşdi.
Tədbiri Astara Rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin baş məsləhətçisi Mirzə Bayramov açdı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon MKS-nin direktoru Tural Eyvazov “20 Yanvar xalqımızın qan yaddaşıdır” mövzusunda məruzə etdi. Bildirdi ki, 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi Zümrüd Ərçəyeva, rayon MKS-nin direktor müavini İlyas Məmmədov, şöbə müdirləri Nərgiz Məhərrəmova, Gülüstan Dadaşova, Yaqut Nəzərova çıxış etdilər. Sonda M.Ə.Sabir adına orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya nümayiş olundu.

Natəvan Mədətzadə,
Astara rayon Mərkəzi kitabxanasının əməkdaşı