Bölgələrdə 20 Yanvarın ildönümü ilə bağlı tədbirlər

Ağcabədi. Rayon Mərkəzi kitabxanasında 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa və ədəbi-bədii kompozisiya, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filiallarında faciədən bəhs edən fotostend və kitab sərgiləri təşkil edilib. Tədbirlərdə rayon İH-nin nümayəndələri, məktəb direktorları, Müəllimlər İnstitutu Ağcabədi filialının müəllim və tələbələri, kənd icra nümayəndəliyinin işçiləri, şagirdlər iştirak ediblər.
* * *
Şamaxı. Rayondakı Heydər Əliyev Mərkəzində faciənin 25-ci ildönümü ilə əlaqədar olaraq tədbirlər keçirilib. Tədbirlərdə Şamaxı şəhər 1, 2, 9 saylı tam orta məktəblərinin və Şamaxı Avropa liseyi şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, 20 Yanvar haqqında sənədli filmə baxış keçirilib.
* * *
Lənkəran. Şəhərdəki Heydər Əliyev Mərkəzində uşaqların faciəyə həsr olunmuş rəsm əsərlərinin sərgisi təşkil olunub. Sərgidə Heydər Əliyev Mərkəzi, Uşaq Rəssamlıq Məktəbi, Dövlət Rəsm Qalereyası və Uşaq Yaradıcılıq Mərkəzinin təqdim etdiyi əl işləri yer alıb. Heydər Əliyev Mərkəzinin zalında rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filminin nümayişi təşkil olunub.