Yanvarın 22-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 105 illiyi onun doğulduğu Lənkəranda qeyd olunub. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında keçirilən tədbirdə Xalq artisti Qabil Quliyev çıxış edərək, Həzi Aslanovu görkəmli sərkərdə və hərbi xadim kimi səciyyələndirib, onun iki dəfə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən yeganə azərbaycanlı olduğunu xüsusi qeyd edib.
Mərasimdə teatrın aktyorlarının və "Gənc Aslanovçular klubu” üzvlərinin ifasında qəhrəmanlıq ruhlu ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Sonra “Dəmir atlı cəngavər” sənədli-bədii filminə baxış olub.
Yubiley mərasimi Həzi Aslanovun ev-muzeyində davam etdirilib. Bu, respublikada yaradılmış ilk qəhrəmanlıq muzeylərindən biridir. 1969-cu il mayın 9-da fəaliyyətə başlayan muzey bir neçə il öncə əsaslı təmir edilib. Muzeyin direktoru Tamara Fətullayeva bir daha cəsur generalın şərəfli ömür yolundan söz açıb, iştirakçıları eksponatlarla tanış edib.
Qəhrəmanın büstü önündə "Gənc Aslanovçular klubu”nun üzvləri Həzi Aslanova ithaf olunmuş şeirlər söyləyiblər.

Ağaddin Babayev