Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin və Mərkəzi kitabxananın təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Adın şərəflidir sənin, ey qadın” adlı dəyirmi masa keçirilib.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin direktoru Zülfəliyeva Aytən əlamətdar günün tarixindən söz açıb. Mərkəzi kitabxananın işçiləri Səkinə Qarayeva və Anaxanım Nuriyeva Azərbaycan qadınının cəmiyyətdə mövqeyi, ölkəmizin ictimai-iqtisadi, siyasi və mədəni inkişafında rolu haqqında danışıblar.
Mərkəzi kitabxananın şöbə müdiri Elmira İbrahimova yazıçı, ədəbiyyatşünas, ictimai xadim, professor Əzizə Cəfərzadə, şairə Zivər Ağayeva, bəstəkar Elza İbrahimova, hüquqşünas Rəfiqə Zeynalova və öz işləri, əməlləri ilə Azərbaycan tarixində layiqli yerlər tutan Hacıqabul rayonunun digər görkəmli qadınları haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Hacıqabul rayon MKS-nin kitabxana filiallarında da 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sərgilər təşkil olunub. Muğan qəsəbə kitabxanasında şəhid Vüqar Məmmədovun anası müəllimə Gövhər Məmmədova ilə görüş keçirilib.