Bölgələrdə bayram tədbirləri

Füzuli Dövlət Dram Teatrı Yuxarı Alıxanlı kənd orta məktəbinin şagird və müəllim kollektivinin, kənd əhalisinin qarşısında Novruz bayramı münasibətilə maraqlı tamaşalarla çıxış edib. R.Əlizadənin “Dünyanın axırı”, A.Səfərlinin “Fantan ərə gedir”, A.Məmmədovun “Kişilər” komediyalarından səhnəciklər tamaşaçıların ürəyincə olub. Tearın aktyorlarından Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova, Habil Hacıyev və başqalarının çıxışları sürəkli alqışlarla qarşılanıb.
Tədbirə Aşağı Alıxanlı kənd klubunun “Qarabağ” ansamblı, eləcə də Orta Alıxanlı kənd klubunun özfəaliyyət kollektivi də qatılıb. Müğənni Loğman Məmmədovun, Rahil Alıyevin, Şirastan Sadatovun, Nəbi Qurbanovun, Abbas Şahbazovun ifaları kənd camaatına Novruz hədiyyəsi olub. Tədbirin sonunda məktəbin direktoru Nazim Əliyev, Orta Alıxanlı kənd klubunun müdiri Gültəkin Hüseynova Füzuli Dövlət Dram Teatrının kollektivinə və musiqiçilərə təşəkkürlərini bildiriblər.
* * *
Azərbaycan xalqının milli bayramı olan Novruzun gəlişi ilə bağlı Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsi və C.Cabbarlı adına 1 saylı uşaq musiqi məktəbi tərəfindən açıq hava altında bayram konserti təşkil olunub. Tədbirdə uşaqların əl işlərindən ibarət sərgi də nümayiş etdirilib. Novruz personajları Kosa və Keçəlin iştirakı ilə maraqlı səhnəciklər göstərilib.
Bahar bayramı münasibətilə Lənkəranın Aşağı Nüvədi qəsəbəsində Sənətkarlıq evi tərəfindən də konsert təşkil olunub. Açıq hava altında keçirilən konsertdə Sənətkarlıq evinin özfəaliyyət kollektivi tərəfindən Novruza, vətənə həsr olunmuş mahnılar səsləndirilib, bayramla bağlı adət-ənənələrimiz nümayiş olunub.
* * *
Novruz bayramı neçə əsrlərdir ki, gəlişi ilə insanlara ruzi-bərəkət, bolluq, xoş həyat müjdəsi gətirir. Yurdumuzun digər bölgələrində olduğu kimi, Neftçala rayonunda da bayram münasibətilə müxtəlif tədbirlər, şənliklər keçirilir. Martın 11-də Neftçala rayon Mərkəzi kitabxanasının uşaq şöbəsində “Xalq bayramı-Novruz” adlı sərgi açılıb. Sərgidə qədim xalq bayramımıza aid ensiklopediya, məlumat kitabları, uşaq jurnalları və başqa materiallar nümayiş etdirilir.
* * *
Martın 13-də Şəki şəhər MKS-nin 7 saylı kitabxana filialında “Bayramların tacı Novruz” adlı şeir gecəsi keçirilib. Kitabxananın müdiri Lətafət Mustafayeva tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, Novruz adət-ənənələri haqqında danışıb. Kitabxananın fəal oxucularından Kəmalə Məmmədova, Nərgiz Mustafayeva, Xəyalə Bayramova, Məmməd Hacıyev bahar mövzusunda şeirlər səsləndiriblər. “Novruz gəlir, yaz gəlir” adlı sərgi nümayiş olunub.
* * *
Zərdab rayon MKS-nin Məlikli kənd kitabxana filialı kənd Mədəniyyət evi ilə birlikdə “Bahar bəzəyidir torpağın, elin” adlı musiqili-əyləncəli bayram tədbiri təşkil edib. Məlikli kənd kitabxana filialının müdiri Nuranə Umudova çıxış edərək Novruz bayramının tarixi və adət-ənənələrindən söz açıb. Kosa, Keçəl və Bahar qızının gəlişi, güləşçilərin nömrələri, Rəcəf Bəkirli, Elçin Bəkirov, Allahşükür Bəşirov, Fədarə Ədilova, Emin Bəkirov və Maşadı Bəkirlinin ifa etdiyi rəqslər, Gülnarə İmanova, İlahə Muradova, Eminə Qasımova, Gülnarə Ədilova, Aminə Qasımova və Aylin Umudovanın söylədiyi şeirlər, Qərənfil Teymurovanın əl işlərindən ibarət sərgi tədbirə rəng qatıb. Mərasim rəqslərlə sona çatıb.