26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

İyunun 22-də Qazax rayonundakı N saylı hərbi hissədə Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbiri keçirilib. Hərbi hissə komandirinin siyasi işlər üzrə müavini, polkovnik-leytenant Elmar Zeynalabdinov, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev, Respublika Hərbi Prokurorluğunun nümayəndəsi, ədliyyə polkovnik-leytenantı İlyas Rzayev və başqalarının çıxışları dinlənilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan uğurlu siyasət nəticəsində silahlı qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənib, ordumuzun maddi-texniki bazası gücləndirilib.
Rayon Mədəniyyət mərkəzinin “Göyəzən” instrumental ansamblının təqdim etdiyi mahnılar və oynaq rəqs havaları əsgər və zabitlərə xoş ovqat bəxş edib. Sonda hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
* * *
Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə bağlı iyunun 24-də Lənkərandakı N saylı hərbi hissədə əsgər və zabitlər üçün bayram konserti keçirilib. Konsertdə yerli sənətçilər və klub müəssisələrinin özfəaliyyət kollektivləri tərəfindən maraqlı musiqi nömrələri ifa olunub. Konsert hərbi hissənin şəxsi heyəti tərəfindən maraqla qarşılanıb.
* * *
Ağcabədi rayon MKS-də Qaradolaq, Kəbirli, Aşağı Mehrablı, Yeni Qaradolaq, Mehrablı kənd kitabxana filiallarının təşkilatçılığı ilə general Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illiyi və Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.
MKS-nin direktor müavini Təranə Məmmədova Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti haqqında məlumat verib. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rza Quliyev, informasiya-resurs şöbəsinin müdiri Gülşən Quliyeva, kənd kitabxanaçılarından İlhamə Məmmədova, Mahirə Məmmədova, hərbçilər Rəşad Nəsirov, Kərim Məmmədhəsənov, Orxan Abdullayev və digərləri çıxış ediblər. Qeyd olunub ki, silahlı qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Tədbir konsert proqramı ilə başa çatıb.