Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirlər

26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə bölgələrimizdə müxtəlif tədbirlər, hərbçilərlə musiqili görüşlər keçirilib.
Dövlətimizin diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti yüksəlir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Hacıqabulda yerləşən N saylı hərbi hissədə yaradılan şərait də bunun əyani nümunəsidir.
Hacıqabul Rayon Mədəniyyət və Turizm Şöbəsi də hərbçiləri unutmur, konsert proqramları ilə onların görüşünə gedir. Şöbənin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayon Mədəniyyət mərkəzinin “Nur” instrumental ansamblı Silahlı Qüvvələr Günü münasibətilə hərbçilər qarşısında növbəti konsert proqramı ilə çıxış edib. Konsertin sonunda kollektivə hərbi hissə komandiri tərəfindən fəxri fərman təqdim olunub.
* * *
İyunun 24-də Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxanada Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissənin bir qrup əsgəri ilə “Vətənin keşiyində” mövzusunda görüş keçirilib.
MKS-nin direktoru Etibarə Babayeva bayram münasibətilə əsgərlərə xoş arzularını çatdırıb. Hərbi hissənin bölmə komandiri Bünyamin Hümbətov Azərbaycanda ordu quruculuğundan söz açıb. Çıxış edən əsgərlər Vətənin müdafiəsinə daim hazır olduqlarını diqqətə çatdırıblar.
Tədbirdə “Ordum varsa, yurdum var” mövzusunda sərgi nümayiş olunub.
* * *
Silahlı Qüvvələri Günü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti Qusarda yerləşən N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Bədii qiraət ustası Zülfiyyə Eldarqızının aparıcılığı ilə keçən konsertdə universitetin müəllimləri - Xalq artisti Gülyanaq Məmmədova, əməkdar artistlər Teyyub Aslanov, Zakir Əliyev, Nüşabə Ələsgərli, aşıq Samirə əsgərlərimiz qarşısına vətənpərvərlik, qəhrəmanlıq mahnıları, xalq musiqiləri, muğamlarımızdan ibarət repertuarla çıxaraq, onlara gözəl anlar bəxş ediblər. İfaçıları ADMİU-nun tələbələrdən ibarət instrumental ansamblı müşayiət edib.