İyunun 12-dən 28-dək ölkəmizin ev sahibliyi etdiyi “Bakı-2015” ilk Avropa Oyunları artıq tarixə qovuşdu. Dünyanın müxtəlif guşələrindən ölkəmizə gələn qonaqlar Azərbaycan haqqında unudulmaz təəssüratlarla öz vətənlərinə döndülər. Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində Avropa Oyunlarının təntənəli bağlanış mərasiminə həsr olunmuş dəyirmi masa keçirilib. Muzeyin direktoru Xalis Məmmədov möhtəşəm hadisənin təkcə Azərbaycanın deyil, bütün Avropanın tarixinə həkk olunacağını söyləyib: “Arzu edərdik ki, belə beynəlxalq səviyyəli tədbirlər respublikamızda tez-tez keçirilsin. Çünki Azərbaycanı görməyən, məlumatı olmayan və yaxud düzgün informasiya almayan xarici vətəndaşlar ölkəmizdə olarkən bütün həqiqətləri öz gözləri ilə görürlər”.