İyulun 23-də Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Lerik rayonuna səfər edib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevlə görüşən qonağa bölgənin qədim tarixi, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verilib. Səfirə rayon sakinləri tərəfindən hazırlanmış əl işlərindən ibarət hədiyyələr və Lerik haqqında yazılmış kitablar təqdim edilib.
Fransalı diplomat “Uzunömürlülər” muzeyində nümayiş etdirilən eksponatlarla tanış olub, rayonun uzunömürlü sakinləri və zəngin tarixi keçmişi haqqında məlumat alıb, muzeydə rayon sakini, uzunömürlü Musa Bədəlovla söhbət edib.
Daha sonra Paskal Mönye fransız və Azərbaycan alimlərindən ibarət arxeoloji ekspedisiya tərəfindən Monidigah kəndində aparılan arxeoloji qazıntılarla tanış olub.
Cənub bölgəsinə səfəri çərçivəsində iyulun 24-də Lənkərana gələn səfir Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşovla görüşüb. O, qonağa rayonun coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə, təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurlar haqqında söhbət açıb.
Diplomat Azərbaycanın Fransanın strateji müttəfiqi olduğunu, respublikamızın 12 şəhərinin bu ölkənin şəhərləri ilə qardaşlaşdığını diqqətə çatdırıb. Paskal Mönye Fransanın cənub regionunda yerləşən sahil şəhərlərindən biri ilə Lənkəranın qardaşlaşmasının məqsədəmüvafiq olduğunu söyləyib.
Görüşdə fransalı diplomata Lənkəran xalçası hədiyyə edilib. Səfir fransalı müəllimlərin bir qrupunun dincəldiyi “Yay məktəbi”nin bağlanışında iştirak edib.