Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq “Yay məktəbi”nin iştirakçıları iyulun 25-də Quba rayonunda olublar.

8 xarici və 7 yerli universiteti təmsil edən tələbələrin rayonla tanışlığı mədəniyyət və istirahət parkından başlayıb. Rayon İcra Hakimiyyətində olan tələbələrə Qubanın tarixi, mədəniyyəti, burada yaşayan azsaylı xalqlar barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanda bütün azsaylı xalqlara, dini azlıqlara hörmətlə yanaşılır. Rayondakı Qırmızı qəsəbədə yığcam yaşayan dağ yəhudiləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.
Sonra Heydər Əliyev Mərkəzində multikulturalizm və tolerantlıq mövzusunda tədbir keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və “Bakı şəhəri dağ yəhudiləri dini icması”nın sədri Milix Yevdayev tələbələr qarşısında mühazirə ilə çıxış ediblər.
“Yay məktəbi”nin iştirakçılarının səfəri ayın 26-da Qusar rayonunda davam edib. İyulun 27-də Xaçmaz şəhərinə gələn tələbələr Heydər Əliyev adına parkda, şəhərdə açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyində olublar, Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Muzeyin konfrans zalında keçirilən tədbirdə tarix elmləri doktoru, professor Həcər Verdiyeva tələbələr qarşısında “Qafqaz Albaniyası və onun müasir varisləri” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, “Yay məktəbi”nin iştirakçıları iyulun 23-dən etibarən Nabran istirahət mərkəzində qalırlar. Onlar avqustun 30-dək şimal bölgəsinin rayonlarında müxtəlif tədbirlərə qatılacaqlar.