Cəmşid Naxçıvanskinin 120 illiyi bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunur

Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsində hərbi xadim, mahir sərkərdə, general Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov görkəmli hərbi xadimin həyat və fəaliyyəti haqqında məlumat verib. Oxuculara xidmət şöbəsinin işçisi Hüriyyə Sultanova, FHN-nin regional bölməsinin qərargah rəisi, kapitan Məzahir Mustafayev və digər çıxış edənlər C.Naxçıvanskinin hərb tariximizdə xidmətlərindən söhbət açıblar. Sonda “Cəmşid Naxçıvanski-120” adlı sərgiyə baxış keçirilib .

Kürdəmir rayon Mərkəzi kitabxanasında “General Cəmşid Naxçıvanski” adlı oxucu konfransı keçirilib. MKS-nin direktor müavini İradə Mahmudova generalın həyat yolundan söz açıb. Şəhər 1 saylı tam orta məktəbin müəllimi Nazilə Bünyadova, Mərkəzi kitabxananın işçiləri İlhamə Hüseynova və Məhinə Şirəliyevanın çıxışları dinlənilib. Tədbirdə “Görkəmli azərbaycanlılar - general Cəmşid Naxçıvanski” adlı sənədli film, “Cəmşid Naxçıvanski - 120” adlı slayd nümayiş olunub.

Qazax rayon Mərkəzi kitabxanasında da Cəmşid Naxçıvanskinin yubileyi münasibətilə tədbir keçirilib. MKS-nin direktoru Solmaz Babanlı qeyd edib ki, Azərbaycanda ilk milli atıcı diviziyanın yaradıcısı olan Cəmşid Naxçıvanskinin adı ümummilli lider Heydər Əliyevin sayəsində hərb tariximizdə əbədiləşib. MKS-nin direktor müavini Münəvvər Süleymanlının sərkərdənin həyat və fəaliyyəti haqqında məruzəsi dinlənilib. Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Bəsti Məmmədova, fəal oxucular Günəş Bayramova, Aytac Həsənova və Sevil Məmmədova mövzu ilə bağlı çıxış ediblər. Sonda “Cəmşid Naxçıvanski - 120” adlı kitab sərgisinə və sənədli filmə baxış olub.