Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. “Türk dünyasının Bəxtiyarı” adlı mərasimdə mədəniyyət işçiləri, rayon ziyalıları, fəal oxucular iştirak edib.

Tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq qeyd edib ki, Bəxtiyar Bahabzadə təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumilikdə türk dünyasının ədəbi aləmində xüsusi yeri və öz dəsti-xətti ilə seçilən şairdir. Prezident İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli sərəncamı ilə görkəmli ədəbin 90 illik yubileyi geniş şəkildə qeyd olunur.

Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Gövhər Mustafayeva şairin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Şəhər 2 saylı kitabxana filialının multimedia resursları üzrə mütəxəssisi Elnarə Məmmədova, fəal oxuculardan Orxan Bəxtiyarov, Şahin Mustafayev, Sarbina Cəfərova, Nərmin Bayramova şairin şeirlərindən nümunələr söyləyiblər.

Tədbirdə şairin sözlərinə yazılmış mahnılar səsləndirilib. Sonda “Türk dünyasının Bəxtiyarı” adlı kitab sərgisinə baxış keçirilib.