Yaxın vaxtlarda Gəncədə daha bir mədəniyyət obyekti şəhər sakinlərinin ixtiyarına veriləcək. İnşasına 2012-ci ildə başlanılan Gəncə Dövlət Filarmoniyasında tikinti işləri başa çatmaq üzrədir. Burada 1050 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kinoteatrı, rəsm qalereyası, baxış qülləsi, eləcə də iaşə obyektləri, yeraltı qaraj və digər yardımçı sahələr fəaliyyət göstərəcək. Altımərtəbəli binanın hündürlüyü qüllə ilə birlikdə 26 metrdir. Filarmoniya binasının qarşısını isə Azərbaycanın musiqi korifeylərinin heykəlləri bəzəyəcək.