Rey Bredberi
   
      
   Əvvəli ötən sayımızda
      
   - Bilmirəm. Xatırlamaq istəmirəm. Qoca başımda hər şey alt-üstdür.
   - Xanım qız, - oğlan dedi, - bayırda əsrarəngiz yay günüdür. Ağacların altı yamyaşıl məbədə bənzəyir. Qızılı arılar xalça toxuyan kimi o çiçəkdən bu çiçəyə qonur. Gözəl naxışlar salırlar. Qoca palıdın koğuşundan kəhrəba rəngli bal axır. Ayaqyalın gəzin çəmənləri. Dizəcən çöl nanəsinə batın. Çəmən çiçəklərini seyr edin. Baxın talaya. Yaxşı baxın! Sanki rəngarəng kəpənəklərdən ibarət bulud enib ora. Ağacların altında hava sərin və təmizdir. Dərin quyunun bumbuz suyu kimi. Xətrin istəyir, iç doyunca. Yay günü. Həmişəcavan yay günü.
   - Mən isə qocayam və qoca olaraq qalacağam.
   - Əgər məni dinləsəniz, qalmazsınız. Çox maraqlı bir sövdələşmə təklif edirəm. Ən doğru yolu budur... Biz bir yerdə şənlənərik: siz, mən və günəşli avqust günü.
   - Bu nə sazişdir? Mənim öhdəmə nə düşür?
   - Bu dəqiqədən başlayaraq iyirmi dörd saat xoşbəxt və qayğısız həyat. Meşəyə qaçıb giləmeyvə dərəcəyik. Bal yalayacaq, şəhərə gedib hörümçək toru qədər zərif və ağappaq yay paltarı alacaq və qatara əyləşəcəyik.
   - Qatara?!
   - Qatarla bir saatlıq məsafədə yerləşən böyük şəhərə yollanacaq, çatan kimi nahar edəcək və bütün gecəni fasiləsiz rəqs edəcəyik. Sizə iki cüt ayaqqabı alarıq. O qədər rəqsə bir cüt davam gətirməz.
   - Ah, mənim qoca sümüklərim... Mən yerimdən çətin tərpənərəm.
   - Gəzmək nədir?! Siz qaçacaqsınız. Uçacaqsınız. Rəqs edəcək, sanki səma boyu süzəcəksiniz. Biz göydə axan ulduza tamaşa edəcək, günəşin qürubunu izləyəcəyik. Səhərə yaxın gölün sahilində dolaşacaq, günəş üfüqdə görünən kimi heç kimin ömrü boyu yemədiyi ləzzətli səhər yeməyi yeyəcəyik. Günortayadək narın qumun üzərində kef edəcək, axşamüstü böyük bir konfet qutusu alıb yenidən qatara əyləşəcək, bələdçi komposterinin uçuşan göy, yaşıl, narıncı konffettilərinin müşayiətiylə yeni evlənənlər kimi heç kəsə məhəl qoymadan xoşbəxtlik qanadlarında uça-uça küknar ətriylə dolu meşəyə girəcək və sizin evə yaxınlaşacayıq...
   Sükut.
   - Vəssalam, - qarı mızıldandı. - Amma hələ heç nə başlanmayıb.
   Sonra soruşdu:
   - Yaxşı bütün bunlar sənin nəyinə lazımdır? Məqsədin nədir?
   Gənc xeyirxah təbəssümlə gülümsündü:
   - Xanım qız, sizinlə yatmaq istəyirəm.
   Qarının boğazı tıxandı. Qəhərləndi:
   - Ömrümdə bircə dəfə də olsun heç kimlə yatmamışam.
   - Belə de... Qarımış qızsınız!
   - Bununla fəxr edirəm!
   Gənc təəssüflə başını buladı:
   - Nə deməli, doğru imiş. Siz sözün əsl mənasında, qarımış qızsınız.
   Sonra dinşədi. Evdən səs gəlmədi.
   Sakitcə, sanki kimsə illərlə açılmamış gizli su kranını burub açdı, ondan damcı-damcı su süzülməyə başladı. Qarı ağlayırdı.
   - Niyə ağlayırsınız?
   - Bilmirəm, - o hıçqırdı.
   Bir azdan qarı susdu. Oğlan onun sakitləşmək üçün kresloda yelləndiyiini hiss etdi.
   - Yazıq qarı, - deyə pıçıldadı.
   - Mənə «qarı» demə!
   - Yaxşı, - dedi. - Klarinda.
   - Mənim adımı haradan öyrəndin? Onu heç kəs bilmir axı!
   - Klarinda, niyə sən o vaxt bu evdə gizləndin? O zaman... Uzun illər bundan öncə...
   - Bilmirəm. Yadımdan çıxıb... Nə bilim. Bəlkə də, qorxudan.
   - Nədən qorxurdun axı?
   -Qəribəydi. Həyatımın əvvəlində yaşamaqdan qorxurdum, sonra - ölümdən. Həmişə nədənsə qorxmuşam. Amma sən mənə düzünü de... Mənim o iyirmi dörd saatım nə qədər davam edəcək... Göl kənarında gəzintidən sonra qatarla geri dönüb meşə yolu ilə evimə gəldiyimizdən sonra, sən istədiyini edəndən...
   Gənc onu tələsdirmirdi, sözünü kəsmir, fikrini qarışdırmırdı.
   - ..... mənimlə yatandan sonra? - qarı pıçıldadı.
   - On milyon il, - deyə gənc qarının sualını cavablandırdı.
   - O, - qarı güclə eşidiləcək səslə dedi. - Doğrudanmı, bu qədər çəkəcək?!
   Oğlan razılıqla başını tərpətdi.
   - Çoxdur, cavan oğlan. Bu necə sazişdir? Sən mənə iyirmi dörd saat gənclik verirsən, mən sənə on milyon qiymətli illərimi.
   - Unutma. Mən də öz qiymətli illərimi sənə həsr edəcəm. Səni heç vaxt tərk etməyəcəm.
   - Mənimlə yan-yana uzanıb qalacaqsan.
   - Bəs necə?!
   - Eh cavan, cavan. Nədənsə, səsin mənə çox tanış gəlir.
   - Mənə diqqətlə bax.
   Açar deşiyinə tıxanmış tıxac çıxarıldı. Həmin deşikdən ona göz zilləndi. Gənc tarladakı günəbaxanlara və onların göydəki sahibinə baxıb gülümsündü.
   - Qəribədir, mən koram. Amma görürəm. İnana bilmirəm.- qarı ağladı. - Doğrudanmı, qapının önündəki Uilli Uinçesterdir?!
   Gənc dillənmədi:
   - Uilli sənə iyirmi birdən artıq yaş vermək olmaz. Aradan isə yetmiş il keçib. Heç dəyişməmisən.
   Gənc həyat cövhəri ilə dolu şüşəni astanaya bir qədər də yaxın qoydu. Özü keçib kənarda dayandı.
   - Bacararsan?! - Qarının dili topuq çaldı. - Məni də özün kimi cavan edə bilərsən?
   Oğlan razılıqla başını tərpətdi:
   - Eh, Uilli, Uilli. Doğrudanmı, bu sənsən?! Qarı gözləyirdi. Gəncin xoşbəxt və gümrah görkəminə, günəşin şəfəqləri altında parıldayan saçlarına və yanaqlarına həsədlə baxırdı.
   Daha bir dəqiqə ötdü:
   - Hə, nə qərara gəldin? - cavan dedi.
   - Dayan! - qarı deyindi. - Qoy düşünüm!
   Oğlan hiss edirdi ki, qarı tələm-tələsik yaddaşından bütün olub-ötənləri keçirir. Dargözlü ələkdən qum ələnən kimi ələyir. Amma yada salınası bir şey yoxdur - hər şey toza və külə bürünüb. Xatirələri ucsuz-bucaqsız səhra kimidir. Heç bir yaşıllıq nəzərə çarpmır», - deyə oğlan düşündü.
   Oğlanın ağlından bu fikirlər ötən kimi qarı diksindi:
   - Qəribədir, - nəhayət, o donquldandı. -indicə mənə elə gəldi ki, iyirmi dörd saat gəncliyə hər şeyi qurban vermək olar. Bu həm də çox xeyirxah işdir.
   - Hə, Klarinda, - gənc dilləndi. - Bundan doğru seçim ola bilməz.
   Kilidlər tərpəndi, cəftələr cırıldadı və qapı taybatay açıldı. Damarları çıxmış qupquru əl göründü, şüşəni götürüb geri çəkildi.
   Bir dəqiqə ötdü.
   Sonra pulemyot atəşi kimi surətli ayaq səsləri eşidildi. Arxa tərəfdən olan girişin də qapıları sürətlə açıldı. Pəncərələrin çərçivələri qopub otun üstünə düşdü. Sonra pəncərə şüşələri çilikləndi. Pəncərələrdən bayıra toz püskürdü.
   Nəhayət, geniş açılmış giriş qapısından boş şüşə qab bayıra atıldı, daşa dəyib parça-parça oldu.
   Və budur, eyvanda o gəzişir. Quş kimi iti və yüngül. Günəş şəfəqlərini onun üstünə sərib. Elə bil qara pərdələrin arxasından uçub səhnəyə qonmuş bir mələkdir. Sonra həmin o mələksimalı qız pilləkənlərlə endi, oğlanın əlindən tutdu.
   Təsadüfən yol ötən bir oğlan bu səhnəni gördü. Elə təəccüblə baxdı ki, gözləri az qaldı hədəqəsindən çıxa. Eləcə bərəlmiş gözləri ilə də onları tərk etdi.
   - Nəyə görə mənə elə baxırdı? - qız soruşdu.
   - Çox, çox, lap çox gözəlsən.
   - Güzgüyə baxmaq istəyirəm.
   - Yox, yox, lazım deyil.
   - Şəhərdə hamının xoşuna gələcəyəm? Bəlkə, bu mənə elə gəlir? Mənimlə zarafat etmirsən ki?
   - Sən gözəllik mücəssəməsisən.
   - Deməli, mən qəşəngəm. Özüm bilirəm. Bu gecə hamı mənimlə rəqs etmək istəyəcək. Kişilər bir-bir məni rəqsə dəvət edəcəklər.
   - Hamı bir nəfər kimi.
   Cığırda vızıldayan arıların və xışıldayan yarpaqların əhatəsində dayandı, gəncin yay günəşi kimi gözəl sifətinə baxıb soruşdu:
   - Uilli, mən istəyirəm ki, sən həmişə belə mehriban olasan. Hər şey bitəndən, biz bura dönəndən sonra da.
   Oğlan onun gözlərinə baxdı, barmaqlarını yanaqlarına toxundurdu.
   - Hə, - dedi, məhəbbətlə sığalladı, - hə.
   - İnanıram. Mən sənə inanıram, Uilli.
    Və onlar cığırla qaçıb gözdən itdilər. Toz isə havadan asılmışdı. Qapılar, pəncərələr taybatay qalmışdı. Günəş asanlıqla içəri girə bilər, quşlar orada yuvalarını qurar, bala çıxarardılar. Yay güllərinin ləçəkləri isə yaz yağışı kimi otaqlara və hələ də boş olan yatağa səpələnərdi. Və yüngül yay küləyi geniş və maneəsiz otaqları məxsusi ruhla doldurardı. İlkin və başlanğıcın tərtəmiz ruhu ilə. Başlanğıcın və başlanğıcdan sonrakı ilk saatın ruhu ilə. O zamanın ki həyat adi bir iynə ucu boyda cismin yaranışından başlayır. Nə zaman ki, ətrafda yalnız sakitlik və sahman var, qocalıq haqqında söhbət ola bilməz.
   Meşənin lap dərinliyindən vəhşi dovşanların ürək döyüntüsünü xatırladan ayaq səsləri gəlirdi. Lap uzaqda qatar fit verirdi. O qatar şəhərə çatmağa tələsirdi...
   
   Rus dilindən çevirdi: Sevinc Nuruqızı