Əjdər Olun «Qrafoman» hekayəsi haqqında
   
    Bədii mətn sükutla son nöqtə arasındakı müəllif düşüncələridi. Onun dərinliyini ideya və səmimiyyət, enini peşəkar vərdişlər və təcrübə, uzunluğunu janrın məziyyətləri və prosesin özü müəyyənləşdirir. Dördüncü göstərici də var. Bu istedad və tərəddüddü (=qeyri-müəyyənlik) : yəni, müəyyən şərtiliklə buna «sıx zaman keyfiyyəti » də demək olar.
   Qrafoman- səmimidi, təcrübəlidi, janrın məziyyətlərini pis bilmir, bildikləriylə istedadlıdı, amma heç vaxt tərəddüd eləmir.
   
   Yelinek esselərinin birində yazmaq üçün ona böyük tərəddüdün lazım olduğundan bəhs edir; «ilkin maliyyə yatırımı»na , «start kapital»ına bənzədir qeyri-müəyyənliyi. Əjdər Olun «Qrafoman» haqqında əsərinin «nəql edənin tərəddüdü və qeyri-müəyyənliyi» ilə başlaması bu mənada rəmzidi və bəlkə də qrafomandan bəhs olunan əsərin başqa cür girişi doğru olmazdı. Eyni zamanda, bu, əsərin böyük ədəbiyyata iddia edən ilk göstəricisi olduğunu xəbər verir.
   Mənim 25 dəqiqəyə birnəfəsə oxuduğum əsərin ikinci qeyd eləmək istədiyim keyfiyyəti əlbəttə onun çevik, mütəhərrik, Əjdərin özünün sevdiyi sözlə desək, tamlı dilidir. Qanadlı ifadələr, frazeologiylar, dialoqlar, replikalar, şivələr o qədər maraqlı və axıcı olaraq bir-birini əvəz edir, kəsişir ki, mütaliə vaxtının bir an kimi keçdiyini hiss edirsən. Sonrakı məziyyətlər haqqında bir qədər ətraflı danışmaq lazımdı. Bunun üçün müəllifin «hekayə-portret» janrına aid etdiyi əsərini mən daha iki dəfə oxudum.
   
   * * *
   Situasiya- həm həyatda, deməli, ədəbiyyatda da insanları faş etməyin ən doğru yoludur. Müəllif də əsərinin «qəhrəmanı»nı 40 situasiyaya salır, yaxud daha doğru ifadə eləsək, həqiqi nağılçı bacarığı ilə onun haqqında uzun müşahidələr hesabına qazanılan, toplanan irili-xırdalı 40 əhvalat danışır. Əlbəttə, bu əhvalatlarda təxəyyülün yeri də var və bəzən həmin yerləri müəllif özü də qabardır, qrotesk edir, oxucuya hiss etdirir, amma, necə deyərlər, bütün bunları heç vaxt üslub xaricində eləmir. Gah əhvalat danışılır və sonra elə nağılçının özü tərəfindən rezüme edilir, gah da rezüme səslənir və əhvalat danışılandan sonra onunla razılaşmamaq olmur.
   Bütün hadisələrin mərkəzində qrafoman dayanır. Bütün hadisələr onun xarakterinin, kimliyinin açılması üçündür.
   
   * * *
   Kimdir qrafoman? Yəqin ki, klassik tərifdən qaçan, nəzəriyyə kitabları, ensiklopedik məlumatlarla yüklənmiş bir snob belə deyərdi: «potensial yazıçıların sayı real yazıçılardan həmişə çoxdu və bu yaxşıdı, çünki ikinciləri məsuliyyətlə çəkir; qrafoman bunu bilmir, hiss eləmir; sözlərlə də belədi; bir əsərdə- istər Orxan Vəlinin «Vətən üçün» şeiri olsun, istər «Uliss», istifadə olunan sözlər istifadə olunmayanlardan, yəni lügəti potensialdan həmişə və böyük fərqlə azdı; qrafoman bunu da hiss eləmir; qrafoman onu da hiss eləmir ki, hər bir kitab oxunması üçün vaxt tələb edir, bu mütaliə edənin oxumayacağı təqdirdə başqa, daha qiymətli işə sərf edəcəyi vaxt ərzində mümkün ola bilər; o anlamır ki, Jül Renar geriyə baxıb böyük sənətkarları görəndən sonra «sən həmişə heç kim olacaqsan» sözlərini hansı ağrıyla deyirdi; o anlamır ki, Kafka ömrü boyu tərəddüd edirdi, Pedro Qrafias acı gülüşlə «lazımi sifəti tapanda yazacam» deyirdi, Xuan Rulfo yazmamağını ona bütün bu əhvalatları danışan uydurma dayısının ölümüylə əlaqələndirirdi və sair və ilaxır; bir sözlə, qrafoman əsərə, həqiqi yazıçı sənətə can atır» Bütün bunlardan sonra az qalırsan deyəsən ki, bu qrafoman heç ədəbiyyatçı, heç adam deyilmiş ki? Stop. Əjdər Olun əsəri elə sərhəd situasiyası haqqındadı.
   
   * * *
   Bayaq dedim ki, müəllif irili-xırdalı 40 əhvalat danışır. Onların bir çoxunda müəllifin qabartdıqlarına və oxucu kimi mənim gəldiyim nəticələrə, işarələmələrə diqqət yetirək: 1) yazıya vaxt ayırmaq məsələsində özünü peşəkar yazıçı hesab edən nağılçı-müəllif qrafomana uduzur, bunu özü etiraf edir + ; 2) onun işıqlı üzü var və yaşı artdıqca onun üzü daha da işıqlanır + ; 3) telekamera qarşısında o hövllənir, uzun danışır, fikirləşə bilmir ki, montaj deyilən bir proses var və onun danışığını kəsəcəklər- demək sadəlöhvdür, bu isə o qədər pis deyil+ ; 4) özünü daima şax tutur, təmiz, ütülü və səliqəli geyinir (elə bil Türkiyə ordusunda üç il təpik döyüb)- təmizlik yaxşı keyfiyyətdir, çox əla + ; 5) adi dost görüşmələrinə, çay süfrəsinə hər dəfə vaciblik donu geyindirərək «tədbirimiz vardı» deyir- bunun nəyi pisdir ki + ; 6) tanımadığı adamlara belə bəzən salam verir- yaxşıdı +; 7) onun haqqında «ədəbiyyatdan min kilometr uzaqdır» deyən tənqidçi fikrinə «ədəbiyyatın sahəsi Yerdən böyük ola bilməz deyə, bu o qədər də pis deyil» sözləri ilə reaksiya verir- dərin yumor hissi varmış və bu çox gözəldi +; 8) badəpərəst dostlarının onun puluna qurulan məclislərdə öz ünvanına deyilmiş «sən böyük şairsən» tərifini rədd edir, yalan olduğunu həmin adamların üzünə vurur- söz yoxdu ki, əla cəhətdi +; 9) ona avtoqrafla hədiyyə olunmuş bütün kitabları oxuyur, sonra fikir deməyi belə lazım bilir- heç kimin kitab oxumadığı vaxtda göydəndüşmədi + 10) həmkarları ilə bağlı hər hansı neqativ situasiyanı danışarkən ad çəkmək lazım gələndə, «nə fərqi var o kimdi, məsələn, Ömər Xəyyam» deyir, heç kimin qeybətini qılmır- afərin +; 11) ictimai mənada olduqca aktivdir, vətənpərvərdir, şəhidlərin dəfnində iştirak edir, həftələrlə orduda əsgərlərlə görüşlərə vaxt sərf edir- əhsən+ ; 12) məmura yaltaqlanır, sonra bu işində çox uzağa getdiyinə görə (bunu anladıqdan sonra) həmin məmura «yaltaqlandığım üçün üzr istəyirəm» deyə teleqram vurur (bu, müəllif təxəyyülünə çox oxşasa da, indi bunu ayırd eləməyin yeri deyil) - etiraf etməyi bacarır,- yenə əla+; 13) haqlı tənqiddən, «ustad şilləsi»ndən incimir + ; 14) bütün həmsöhbətlərinə əvvəla hörmət, sonra da huş-guşla qulaq asır- deməli, qulaq asmaq mədəniyyəti var+; 15) adi şeylər - üzün qırxılması, ayaqqabının təmizlənməsi, günəşin çıxması ilə bağlı adamları təbrik edə bilir- nadir bir keyfiyyət + ; 16) türkün qurd toteminin fanatlarına, unutmayın, totemi əjdəha, fil olanlar var deyə, həm xəbərdarlıq edir, həm də ironiya edir - fantastika + ; 17) yemək- içmək vaxtı çox maraqlı həmsöhbət olur, hətta nağılçının etirafına görə arağın dadı-tamı dəyişir +; 18) olsun ki, adi məişət məsələlərini qeyd edir, amma yenə də gündəlik yazır-deməli, sistemli yazıçı həyatı keçirir + ; 19) Rostropoviçin konsertində ədəbiyyatın və ədəbiyyatçının ucuz tutulmasından şikayətlənir- əsl təəssübkeşlikdir + 20) övladları ilə bağlı kompromisə gedən, xahiş-minnət edən adamların onun şeirlərinə gəlincə yuxarıdan getməsi, poza tutmasına qarşıdır - demək ədalətlidir+ .
   Mən təqdim olunan 40 situasiyanın 20-də qrafomanın xarakteristikasını verdim. Sayı əlbəttə ki, artıra bilərdim, amma bunu bilərəkdən eləmədim. Nəzərə alsanız ki, təklif olunan situasiyaların arasında bəziləri köməkçi, gücləndirici və təkrar funksiyasını yerinə yetirirdi və qənaətlər isə sərf-nəzər edilənin düz yarısı deməkdi, onda qrafoman qarşımızda müsbət obraz kimi canlanmalı olacaq. Bu belədimi? Müəllif niyə bu yolu tutub? Bəlkə həmkarlarından kiminsə xətrinə dəymək istəmir? Əlbəttə, bu sualın ən doğru cavabını yəqin Əjdər Ol özü verə bilər, amma suallara cavabdan əvvəl bəzi qənaətləri bölmək istərdim.
   * * *
   Mən bu hekayədən də əvvəl Əjdərin digər portret-hekayələrini də oxumuşam. Hamısını. Və bu qənaətdəyəm ki, Əjdər Ol milli ədəbiyyatımızın tarixi boyu, həm də çağdaş ədəbi prosesimizdə portret yazıların əvəzolunmaz ustasıdır, onun yazdıqları isə həqiqi şedevrlərdi. Amma sonuncu əsərində Əjdər Ol öz-özünü belə geridə qoyub. Əvvəlki yazıları ilə bağlı şəxsi söhbətlərimizdə bir məqamı demişəm deyə, indi xatırlatmağı artıq bilmirəm, həmin yazılarda Əjdər Ol fikrimcə, bilərəkdən və amansız mövqedə dayandığı, mənim artıq saydığım şeyləri yazdığı məqamlar olmuşdu. İndi də bu fikirdəyəm ki, dokumentalisika ilə bədiyyatın sərhəddində hökmən bir vaxt amili var və müəlliflər hökmən bununla hesablaşmalıdırlar. Dəqiqləşdirsəm, belə deyərdim: arxivlərdə elə sənədlər olur ki, onların üstünə 10, 20, 30, 40,50 ildən sonra açıla bilər deyə qriflər qoyulur, möhürlər vurulur, təsnifləşdirilir. Ədəbiyyatçılar da janrın xüsusiyyətlərini nəzərə alaraq öz daxili senzuralarının möhürlərini hiss etməlidilər. Əjdər Ol sonuncu yazısında, söylədiyim kontekstdə çox xeyirxah davranır, onun ironiya və yumorundan belə sevgisi sezilir. Əvvəlki bu sayaq yazıları, hekayələri adı çəkilərək bir konkret adama aid olunursa, indiki hekayədə heç əsas personajın adı yoxdu, bu vacib də görünmür, üstəlik Əjdər Ol bir az da qabaga gedərək, bir neçə dəfədən sonra «qrafoman» sözünün yerinə sadəcə olaraq nöqtələr qoyur. Hətta təhkiyə boyu, özünə müraciətən «qaşqabaqlı doğulmuşdu», « bilməmişdik, onun əsnəməyi də dövlət əhəmiyyətli məsələ imiş» və sair bu kimi replikalar atır, qrafomanın müsbət keyfiyyətlərinə bəzən sanki qibtə etməklə onun yaxşı keyfiyyətlərini qabardır, təkrar olmasın, tutalım, onun işləkliyinə, ədəbiyyata daha böyük vaxt ayırmasına. Bütün bunlar müəllifi böyüdür, eyni zamanda adı ilə daha çox neqativ duyğular yaradan adamın portretinə kölgə salmır. Təkrar sual verirəm, niyə Əjdər Ol bu yolu tutur? Mən hər dəfə böyük Üzeyir bəyin Məşədi İbadını düşünəndə, öz-özümə sual verirdim, görəsən niyə, belə deyək, bu mənfi qəhrəmana acığım tutmur. Bir gün başa düşdüm ki, Üzeyir bəy xalqını məşədiibadları ilə birlikdə sevirdi. Əjdər Ol özü də bu yazısında, məncə, böyümüşdü.
   
   * * *
   Bu hekayənin çoxlu başqa məziyyətləri də var. Orda son iyirmi-otuz ilin ədəbi real simaları və hadisələri, əsərin təkcə bədii əsər deyil,həm də bədii sənəd kimi qiymətini artırır. Hekayəni bir neçə cürə oxumağa imkan yaradır. Bugünkü «ədəbi kuluarları» bilməyən oxucu üçün o, sadəcə olaraq, gözəl hekayədi, xəbərdar olan kəslərə o bir az da güzgüdür, özünütəftiş imkanıdır. Hər halda, mən şad oldum ki, hekayəni hər iki cür oxuya bildim.
   
   * * *
   Herman Hessenin adını tez-tez xatırlamadığım bir yazısının məğzini çatdırım. Hesse yazırdı ki, uşaq ikən ibtidai sinifdə müəllimimiz bizə vətənpərvərlik şeiri oxuyar, sonra bizdən soruşardı, hə, uşaqlar, necədi, xoşunuza gəldi? Biz də bir ağızdan cuşla «hə» deyərdik. Gənc idim, ədəbiyyatla ciddi məşğul olmağa qərar verdiyim vaxtlarda, bir gün evimin çardağında köhnə kitabların, əlyazmaların arasında eşələnərkən, həmin kitabı tapıb, bir vaxtlar müəllimimizin bizə oxuduğu şeiri təkrar oxudum. Öz-özümə dedim ki, bu nə zəif şeir imiş, necə olub ki, biz o vaxt bu şeiri bəyənmişik. Amma indi, yaşımın bu sinnində, yaxşı xatırladığım o şeirin pis olduğuna heç cürə qərar verə bilmirəm. Hesse essesini belə qurtarır. Mən isə şeirlərini çox sevdiyim Əlisəmid Kürün bir sözünü xatırlayıram, mənə bir dəfə belə demişdi: «Neyniyir e, ay Səlim, adam öldürmür ki, zəif şeir yazır da...»
   
   * * *
   Əsərin əvvəli yazmağa başlayanın tərəddüdləri ilə başlayırsa, qiymət vermənin tərəddüdü ilə bitir, çünki «qiymətləndirilmişi satmaq asandır».
   
   * * *
   Sənət əsirliyi ilə əsər əsarətinin fərqini izah etməyə, amma heç cürə hökm verməməyə çalışan Əjdər Ol da portret hekayəsini çox gözlənilməz və maraqlı qurtarır, lap Hessesayağı: « Ayrılanda ( qrafoman - S.B) dedi: Mən bu dünyada sevə-sevə yaşadım. Allahı, yeri-göyü, insanları, təbiəti, kitabları, badəni, gözəl duyğuları, düşüncələri sevdim. Sevə-sevə də öləcəyəm. Cavansan, yadında saxla, qulağında sırğa elə: kim ki, sevir, onun hər şeyi var, kim ki, sevmir, milyonları olsa da, lütdür...»
   Sözardı: Qrafoman lüğəti mənada «söz əsiri, söz və yazmaq xəstəsi» deməkdi. Əslində bu çox yaxşıdı, əlbəttə, söhbət mahiyyət ifadə edən sözün əsarətindən gedirsə, bu mənada bütün ədəbiyyatçılar bir az qrafoman, bütün qrafomanlar bir az ədəbiyyatçıdı.
   
   Səlim Babullaoğlu
   3 iyul, 2009-cu il