Bir xeyli müddət ədəbiyyatımızda yaranan müharibə mövzulu əsərləri oxuyub tədqiq etdim. İzlədiyim əsərlərdə üzləşdiyimiz erməni təcavüzünün nəticəsi daha çox yer tuturdu. Əslində baxırsan ki, az yazmayıblar, amma necə yazıblar məsələsi düşündürücüdür. Bəli, 20 faiz torpağımız işğal edilib, qaçqın düşmüşük, ağlamışıq, girov düşmüşük. Bu kontekstdə yaranan ədəbi mətnlərdə əslində təsfirçiliklə təsvirçiliyin birləşməsindən bəzən publisistik yanaşma ilə iş bitmiş hesab olunur. Sadəcə oxucu rəylərini dinləmək kifayətdir ki, Qarabağ mövzusunda sanballı əsərlərin ortaya qoyulmadığı aydınlaşsın. Ədəbiyyatımızın müsəlləh əsgər olan qələmi yoxdur. Mən bu barədə bir çox yazarlarımızla diskussiya da qurmuşam. Hər kəs əsərlərin yazılmasını vacib sayıb, lakin bu söhbətlərdə sanki psixoloji bir baryerin olduğunu və dilə gətirilmədiyini də hiss etmişəm. Bu yaxınlarda isə şair Əjdər Olla söhbətimizdə həmən deyilməyən söz üzə çıxdı. Biz məğlubiyyətlə barışmamışıq, lakin hələ də sarsıntımızı yaşayırıq. Biz, ədəbi yazarları, hər kəs sükuta qərq olaraq, əslində məhz Qarabağı xilas edəcəyimiz günü gözləyirik. Biz məğlubiyyətlə barışmamışıq, bu tip lövhələri bədii mətnə gətirmək belə istəmirik. Bax, bu yanaşma ədəbiyyatımıza xasdır. Lakin yanaşma düzgün deyil, ədəbiyyatın topu və topxanası dayanmamalıdır. Dəfələrlə qeyd edilib, biz müharibəni yox, ilkin döyüşləri uduzmuşuq. Hamımızın bildiyi həqiqət də var. Erməni kimin və kimlərin əli ilə, hansı vəziyyətimizdə xəyanətkarcasına torpaqlarımızı işğal edib. Antanta ilə təkbətək qalmış Türkiyəni xatırlayın. Az qala bir güllə atmadan Parisini faşist Almaniyasına uduzan Fransanı yada salın. Həmən Fransa ki, indi iqtisadi və siyasi gücü ilə lider dövlətdir. Və indi bizim ədəbiyyatımız susqunluğa qərq olmaqla böyük bir tarixi şansı əldən verdiyinin fərqində olmalıdır. Ədəbiyyatımız ümumilikdə erməni məsələsinə geniş şəkildə müraciət etməklə onun-bunun əlində fırlanan kartı yandırmalıdır. Gəlin araşdıraq: Hanı bizim erməni ədavətini çılpaqlığı ilə ortaya qoyan tarixi romanımız? Nədən əsrlərlə ermənilər planlı surətdə bizə qarşı təcavüz həyata keçirdilər? Axı, bu plan məhz böyük siyasətdə hazırlanıb və bizim üzərimizdə sınaqdan keçirilib. Bəs bizim yazıçımız nə vaxt bu tip roman yazmaq üçün tarixçilərlə ortaq işbirliyi qurublar? Bu roman üçün dünya arxivlərinə daxil olub, ifşa faktları toplamağın ermənilərə necə böyük zərbə olacağını anlamaq bu qədərmi çətindir? Düzgün başa düşün, illərlə qurduğun evin yandırılması bir insanın faciəsidir. Bunu təsvir etmək isə sadəcə sıradan bir hekayədir. Lakin minlərlə insanın faciyəyə uğradılmasının səbəblərini, bunun vandalizm aktı oluğunu dünyaya çıxaracaq əsərə, hətta əsərlərə ehtiyacımız var. Müharibə ədəbiyyatımızın konsepsiyası bu olmalıdır ilk növbədə. 1905-ci il erməni təcavüzünün, 1918-ci il erməni xəyanətinin, nəhayət ötən əsrin sonlarından başlayan erməni vandalizminin yönləndirilməsinin siyasi konsepsiyası var. Biz bunu göstərməli və ifşa etməliyik. Bu məsələ bütün səviyyələrdə diqqətə alınmalıdır. Xocalı faciəsini anlatmaq üçün uzaq demirəm, Türkiyədəki yazar dostlarımıza hansı əsəri təqdim edim? Bu gün Əfqanıstanda və ya Fələstində baş verənlər barədə mükəmməl əsərlər dünyada əl-əl gəzir. Arxayın olun, SSRİ-nin dağılması ilə müşayiət edilən Qarabağ müharibəsi öz nəticələri, səbəbləri, dünyanın siyasi düzəninə təsir etmək, mütərəqqi dünyanın gələcəyinə yaratdığı təhlükə baxımından qlobal dartışmaların mövzusudur. Qafqazda baş verən müharibə dünyanın problemidir. Və sözsüz ilk növbədə bizim. Diqqət etsək görərik ki, biz heç daxildə də bu məsələni yetərincə ədəbiyyata gətirə bilməmişik. Nə sənət, nə də təbliğat baxımından. Yeni nəslə baş verənlərin psixoloji yükünü çatdırmaq və onları sabaha hazırlamaq lazım deyilmi? Qarabağ bizim ədəbiyyatın əbədi mövzusuna çevrilməlidir. Bu mövzu sadəcə əlinə qələm tutub yeriyənlərin ara-bir toxunduğu sahə olmamalıdır. Axı bu məsələ bir millət olaraq bizim sabahımızı təyin edir. Həqiqətləri söyləmək, ruhdan düşmək deyil, əslində nəticə çıxarmaq və cəmiyyəti hazırlamaqdır. SSRİ-nin İkinci Dünya müharibəsində iştirakı, müharibənin gedişi ilə bağlı adını unutduğum müəllif faktlarla “Baş ştab müharibə illərində” əsərini yazıb. Təkcə bu kitabla biz uzun müddət baş ştabsız müharibə apardığımızı, bir çox döyüşləri uduzmağımızın səbəblərini anlaya bilərdik. İndi baş ştab var, ədəbiyyatımız isə bu ştaba ümumi konsepsiyadan daxil olmağı bacarmalıdır. Bəzən yazıçılarımız müharibə haqqında çox sonralar yazılacağını söyləyirlər. Niyə? İkinci Dünya müharibəsində faşizmə qarşı təyyarəçi olaraq vuruşmuş, həlak olmuş və müharibə gedə-gedə şedevr sayılan müharibə mövzulu əsərlər yazmış fransız yazıçı Sent-Ekzüperini xatırlayın. Daha doğrusu, onun “Təyyarəçi” əsərini oxumağa vaxt tapın. Əsərdə doğma torpaqlarından ayrı düşən adamlar, mübarizə ruhu sönmüş fransızların məğlubiyyəti real surətdə təsvir edilir. 250 səhifəlik romanın təqribən 248 səhifəsi bu ruhdadır. Sonda isə qələbəyə çağırışın qəribə notları var. Sonluq belədir. Biz məğlubuq, məğlublar isə susmalıdırlar (məcazi mənada). Toxum kimi sükutlu və sakit olmalıyıq. Toxumsa torpağa düşməli və qələbə cücərməlidir. Ekzüperinin bu əsərləri nə qədər fransızı qələbəyə hazırlayıb. Və indi bizim yazıçılar həqiqətləri sakitcə analiz edib yazmalıdırlar. Bizə müharibə ədəbiyyatı bu gün lazımdır, sabahın qələbəsini təmin etmək naminə. Yaddan çıxarmayaq ki, qətl edilmiş 8 yaşlı körpənin yaşının üstünə yaş gəlmir.
   
   Sabutay