“Nəqliyyat hüququ” beynəlxalq elmi-nəzəri, təcrübi jurnalının 2009-cu ildə 1-ci sayı nəşr edilib. Qloballaşan dünyaya inteqrasiya yolu tutmuş Azərbaycanın formalaşmaqda olan nəqliyyat hüququ sahəsində elmi və hüquqi maarifləndirməni əsas götürmüş jurnalın ilk sayı 2004-cü ildə çap edilmiş və indiyə qədər 17 sayı təqdim edilmişdir.
   
   Xüsusi olaraq qeyd edək ki, jurnal Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin Siyahısı"na daxil edilmişdir. Milli Aviasiya Akademiyasının, Azərbaycan Beynəlxalq Avtomobil daşıyıcıları Assosiasiyası İctimai Birliyinin təsisçiliyi ilə nəşr edilən jurnalın bu sayı isə dərginin baş redaktoru, filologiya elmləri doktoru İ.Əliyevanın “Yorulmaz elm fədailərimiz” məqaləsi ilə açılır. Məqalə dünyaşöhrətli alimi, AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı laureatı, Milli Aviasiya Akademiyasının rektoru, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin anadan olmasının 75 illiyinə həsr edilib. AMEA-nın prezidenti Mahmud Kərimov isə akademik Arif Paşayevin 75 illiyinə həsr etdiyi “Alim ömrünün elmi təfəkkürə köklənmiş kodları” məqaləsində yazır: “Akademik Arif Paşayevin ideyaları və şəxsiyyəti müstəqil respublikamızda müasr təhsil və elmi-tədqiqat işlərinin inkişaf etdirilməsində böyük töhfələr verməkdə davam edir”.
   Azərbaycanın strateji və geopolitik məkanda yerləşməsi ölkəmizi özünə müttəfiq sayan böyük dövlətlərin nəqliyyat sistemindən mütəmadi istifadəsini qaçılmaz edir. Bu xüsusda Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Etibar Əliyevin “Dənizə çıxışı olmayan dövlətlərin nəqliyyat-hüquq münasibətlərinin bəzi problemi və xüsusiyyətləri” adlı jurnalda çap edilmiş məqaləsi maraq doğurur. Məqalədə vurğulanır ki, dənizə çıxışın olmaması müəyyən nəqliyyat problemi yaratsa da, buna həlli mümkün olmayan problem kimi baxmaq olmaz.
   Professor A.Abbasbəylinin “İdeoloji izahlar və münaqişələrin həll edilməsi” məqaləsində isə qeyd olunur ki, dövlətlərarası münaqişələrdə legitimliyin tanınması və gücdən istifadədən imtina təhlükəsizliyi təmin edə və təsəvvürləri yenidən formalaşdıra bilər.Tanınmış hüquqşünas İsaxan Vəliyevin anadan olmasının 50 illiyini “Peşəkar hüquqşünas-alim, vətənpərvər ziyalı” məqaləsi ilə fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə təbrik edir. Məqalədə İ.Vəliyevin hüquq sahəsində elmi fəaliyyəti də önə çəkilir.
   Jurnalın bu sayında həmçinin iqtisad elmləri namizədi A.Məhərrəmovun, BDU-nun aspirantı Emil Abbasovun,Sosiologiya və Hüquq İnstitutunun aspirantı Sədi Cəfərovun və bir çox müəlliflərin elmi məqalələrinə yer verilib. O cümlədən jurnal nəqliyyat sahəsinə dair bir çox rəsmi sənəd və qanunlarla da oxucuları tanış edir.
   
   Mirzəğa Məmmədov,
   AJB-nin üzvü