Allah vergisi, istək, həvəs, məqsəd və s. olmasa, sənət zirvəsinə can atmağa dəyməz. Çünki sənət, səhnə zərif və həssas olduğu qədər də çətin və məsuliyyətlidir. Sadaladığımız cəhətlərin öhdəsindən məharətlə gələnlər az deyil. Onlardan biri haqqında söhbət açmaq istəyirəm. O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İstitutunun dram və kino aktyorluğu fakültəsini bitirən və A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktrisa kimi fəaliyyət göstərən Tamilla Bünyadovadır.

   Onun ilk sənət sevinci, elə debütü həmin ildən də - «Cırtdan» tamaşasındakı Arıq rolundan başlayıb. Tamilla xanım həyatda çox ciddi, bəzən adama «monoton» təsir bağışlayan bir insandır. Lakin o, bu və ya digər obrazların ərsəyə gəlməsində rəngarəng xarakterlər yaratmaq potensialına malik bir aktrisadır. Tamilla xanım Kukla Teatrının 33 illik şərəfli yaradıcılıq yolu keçmiş teatr salnaməsində öz imzasını atmış özünəməxsus lirik-dramatik, zəngin fitri istedada malik bir sənətkardır. Bunlardan çıxış edərək deyə bilərəm ki, uşaq yazıçılarının böyük bir qismi öz əsərlərinin səhnə uğuruna görə Tamilla xanıma da minnətdar olmalıdır. Çünki onların qələmə aldıqları bir çox obrazlar Tamilla xanımın ifasında daha canlı şəkildə əks olunur. Tamilla xanım uşaqların maraq dairəsini bilmək, duymaq, zövqünü düzgün yola istiqamətləndirmək, onların vətənə sevgi və məhəbbət ruhunda tərbiyə olunması baxımından böyük yaradıcılıq potensialına malik sənətkardır. Onun yaratdığı bir-birindən maraqlı, rəngarəng rollar öz cazibədar reallığı ilə uşaqları cəlb edir, sevindirir.
   Bu yüksək, maraqlı sənət və sənətkar bacarıqlarına görə Tamilla xanım aktyor üçün şərəf sayılan «Səhnə ustası» adına layiq görülmüşdür.
   Tamilla Bünyadovanın 1988-ci ildə Ə.Haqverdiyevin «Pəri cadu» əsərinin tamaşasında oynadığı Nafizə obrazı «Ən yaxşı qadın rolu» mükafatına layiq görülüb. Aktrisa bir sıra beynəlxalq teatr festivallarında iştirak etmiş və xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. O, demək olar ki, teatrın repertuarındakı bütün tamaşalarda məharətlə çıxış etmiş, tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Dəfələrlə televiziya ekranlarında («Əlifba», «Sehrli səslər» və s.) çıxış etmişdir. Onun yaratdığı səhnə obrazları arasında Aytən - «Cunquş» (X.Əlibəyli), Şərabanı - «Parisi dağıdanlar» (M.F.Axundzadə), Div xala - «Od oğlan» (E.Şayye), Dadaş «Sehrli güzgü» (Şahmar), Tülkü - «Dovşanın ad günü» (Mərkəz Quliyev), Tülkü və Növrəstə - «Saz əhvalatı» (Həsənağa Hüseynov), «Qızıl xoruz» (A.S.Puşkin) və s. rolları göstərmək olar. Hazırda nümayiş etdirilən tamaşalarda - «Məlik Məmməd»də - Böyük qardaş, təlxək, qız, simurq, «Cırtdan»da - Cırtdan, «Çippolino»da - Vuşenko, Pris, Limon, Kartofel, «Ələddin»də Vəzir, «Rəhmanın nağılı»nda - Bənövşə, «Bremen musiqiçiləri»ndə - Şahzadə qız, pişik və s. uğurlu və xoşagələn rollar ifa edir.
   Tamilla xanımın yaratdığı bir sıra rollar teatrın qızıl fonduna daxil edilmişdir. O, peşəkarlıq qabiliyyətini tamaşadan-tamaşaya daha da təkmilləşdirən bir aktrisa kimi uşaqlar tərəfindən çox sevilir. Bu adlı-sanlı aktrisamız hələ də yaradıcılıq axtarışındadır. O, eyni zamanda, truppa müdiri və həmkarlar təşkilatının sədri kimi teatrın yaradıcı və ictimai həyatında xeyirxah işlər aparır.
   Tamilla xanım haqda xoşagələn çox söz demək olar. Amma mən bəzi fikir və rəyimi, təbrik və arzularımı bir hissəsini həmkarım Tamilla xanımın gələcək günlərinə saxlayıram.
   Hələliksə, ona bugünlərdə qeyd edilən 33 illik yaradıcılıq fəaliyyətini təbrik edir, ən əsası - cansağlığı, işlərində uğurlar arzulayıram.

   Hüseyn Əhmədov,
   əməkdar mədəniyyət işçisi