«Hər gün təzədən doğuluruq zamana qarşı»...
   (X.Has)
   
   Ötən əsrin əvvəllərində Kreq adlı bir teatr mütəxəssisi, rejissoru deyirdi: «Teatr sənəti hadisə - hərəkət - rəqsdən yarandı. Dram mütaliə üçün deyil, səhnədə tamaşa üçün nəzərdə tutulub. Buna görə də burada jestikulyasiya vacibdir. İbtidai dramaturq rəqqas idi. İlk dramaturq müasirlərimizin anlamadıqlarını başa düşürdü. O bilirdi ki, göz səhnəni qavrayış üçün ən iti hissdir. Səhnəyə çıxarkən iştirakçının ilk gördüyü maraqla açılmış çoxlu «ac» gözlərdir. İştirakçılar (aktyorlar-A) şeirlə və nəsrlə danışırdılar və bunu hərəkətlərin köməyilə edirdilər, poetik hərəkətlə, yəni rəqslə, prozaik hərəkətlə, yəni jestlə...»
   
   Ötən həftənin sonunda isə Opera və Balet Teatrı iki tamaşası ilə tamaşaçılarına vizual poeziya seyr etmək (?) imkanı yaratdı. Bəzən şeir dinləmək üçün hərəkətlər sözlərdən vacibdir. Opera və Balet Teatrının «Tamahlar» və «Balero» baletləri teatrın klassika həvəsli tamaşaçılarına bu dəfə bir başqa zövq yaşatdı. Gözəl musiqi, gözəl hərəkətlər, gözəl formalar... bunlar tamaşaçıya bir zövq, düşüncə müxtəlifliyi kimi böyük bir azadlıq verirdi. Hər kəs tamaşadan bir zövq apara bilərdi. Nədən? Çünki bu baletlərin heç biri süjetlə məhdudlaşmayıb. Modern balet deyilənin əsas üstünlüklərindən biri də budur. Tamaşaçıya azadlıq vermək... onun hiss etdiyinə, onun mənalarına önəm vermək. Nəhayət, müəllif avtoritarizmini mümkün qədər azaltmaq. Tamaşaçıya nə qalır? Özünü tam şəkildə gördüklərinin, duyduqlarının, düşündüklərinin ardına buraxmaq və zövq almaq...
   Bu andan tamaşaçı gördükləri ilə tamaşanı hazırlayanlara şərik çıxır. Tamaşa həm də onun olur - gördüyünün, «oxuduğunun», dinlədiyinin müqabilində.
   «Tamahlar» və «Balero» baletləri səhnədə qərar tutmuş bir poeziyadır, şeirdir ki, hər sözü, hər misrası məna qəliblərindən qopub. Ona görə də tamaşanın birovuz alıb baxdığım proqramına əcaib-qəraib annotasiya yazılıb. Çünki şeiri də qısa şəkildə anlatmaq, ona annotasiya yazmaq mümkünsüzdür. Oxumaq yetər - baxmaq yetər...
   Sevgi, ehtiras, insan varlığının bütün pis-yaxşı, ekzistensial iddiaları və hər şeyin üzərindən görünməz bir yumşaqlıqla tumar çəkən zaman, vaxt... amma bəzən elə bir məqam yaranır ki, bu zaman deyilən yoxa çıxa bilir. İnsan enerjisi, əbədilik eşqi onu arxa plandakı klassik məbədin sütunları kimi əriməyə məcbur edir. Opera teatrının gözəl, intibah mədəniyyətinin töhfəsi olan yan sütunlarını, lojalarını, səhnə arkasını bəzəyən yarıçılpaq gözəl heykəllərinin əhatəsində - qucağında daim hərəkətdə olan formalar, rəqslər, gözəl plastik bədənlər... bunlar bir yaradılış kamilliyini də nümayiş etdirir - kişi və qadın bədəni... kişi və qadın plastikası. Cütləşmiş rənglər - sarı-qara, ağ- qara və tək mavi - bir başqa harmoniya yaradır. Bu harmoniya içindəsə balerinaların («Balero» baletində) gözəl bir partiyası izlənilir. Bu izlənmə yalnız tamaşaçı zalında deyil, iştirakçıların hamısı stullarda oturub həmkarını izləyir. Balerinaların solo rəqsi isə sanki bir intihar nümayişkaranəliyi ilə gözəldir. Sanki səmada süzən gözəl bir quş ən gözəl, ən sonuncu rəqsini ifa edir. Bir-birini əvəzləyən balerinaların rəqsləri məhz bu baxımdan intihar xarakterlidir. Ən sonuncu və gözəl rəqs. Onlar bu rəqsi dünyada qalan ən sonuncu qadınmışlar kimi, bütün qadın gözəlliyini, plastikasını, zərifliyini çılğınca nümayiş etdirən kimi ifa edirlər. Bu məqamda içində bir qırılma hissi keçirirsən. Bu hissi müasirimiz olan şairin misrası izah edir - «mənə elə gəlir ki, əllərini sıxdığım dost, çiyinlərindən öpdüyüm qadın sonuncudur»...
   Bu səhnə şeirini nə korlaya bilər? Əlbəttə, hərdən bir misranın, yəni bir rəqqasın naqolay, sinxronluqdan çıxan sərt, quru hərəkəti. Baxdığımız baletlər də belə qüsurlardan xali deyildi - ifaçılardan biri bu harmoniydan kənarda qalıb yöndaşlarını hiss etmirdi. Bu xırda qüsur olduğundan, bəlkə də xatırlamağa dəyməz. Amma gözəl şeirdə bir kəlməyə də güzəştə getmək olmaz.
   Qalan hər şey - dekorlar, rənglər bir-birini tamamlayır və bütünlükdə rəng də, musiqi də, dekorlar da nəsə deyir. Forma nədirsə elə budur.
    Bu zövqün, feyzin dərinliyində duyursan ki, məhz o gün izlənilən tamaşa, bəlkə də indiyədək oynanılanların içində ən yaxşısı deyil. Daha doğrusu, onlar bundan əvvəl gördüyümüzdən də qat-qat gözəl «Tamahlar» və “Balero” oynayıblar. Yəqin bunu özləri daha yaxşı bilir. Amma, necə deyərlər, «gec gələn qonaq öz kisəsindən yeyər». Premyeradan xeyli bir vaxt keçib. «Tamahlar»a Fransadan gəlmiş xoreoqraflar Alen Amber, «Balero»ya isə Nikolya Müssen quruluş verib. İştirak edirdilər : əməkdar artistlər Gülağası Mirzəyev, Rimma İsgəndərova, İslam İslamov, Kamilla Hüseynova, Alsu Qimmadiyeva, Yuri Lobaçov və başqaları.
    Opera və Balet Teatrında yeni bir istiqamət görmək həmişə xoşdur. «Tamahlar» və “Balero” baletləri isə teatrın repertuarında yeni bir intonasiyadır - tutmağa, baxmağa dəyən.
   
   Aliyə