Aprelin 15-də Londondakı İncəsənət Təhsili Mərkəzinin səhnəsində Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsəri oynanılacaq. Bu barədə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib. Tədbir bu əsəri tərcümə edən “Gruntlers” incəsənət qrupu üzvlərinin çıxışı ilə başlayacaq. Səhnədə Azərbaycan milli rəqslərinin ifasından sonra ingilis şairi Devid Perrinin “Azərbaycan klassik əsərlərində yumor” mövzusunda məruzəsi dinləniləcək. Məruzə fonunda mövzuya uyğun olaraq əsərdən səhnələşdirilmiş dörd hissə göstəriləcək.
   Mərasimin sonunda Azərbaycanda istehsal olunmuş “Dərviş Parisi partladır” filmindən kadrlar nümayiş etdiriləcək.
   Azərbaycan incəsənətinə həsr olunmuş tədbir Azərbaycan musiqisi nümunələrinin səsləndirilməsi ilə başa çatacaq.