Hərdən bizə elə gəlir ki, Azərbaycan mədəniyyətini baltalamış məşum 1937-ci ildə heç bir ürəkaçan hadisə baş verməyib. Amma yox, təkcə Üzeyir Hacıbəylinin «Koroğlu» operasının səhnəyə qoyulduğunu xatırlatmaq kifayətdir ki, həyatın o dönəmdə də davam etdiyini anlayasan.
   
   1937-ci il aprelin 30-da Üzeyir Hacıbəylinin «Koroğlu» operasının premyerası oldu. Xalq qəhrəmanlıq dastanının motivləri əsasında yazılan operanın libretto müəllifləri yazıçı Məmməd Səid Ordubadi və tarix elmləri namizədi Heydər İsmayılov idi. Bəstəkar özü də librettonun yazılmasında fəal iştirak etmişdi. Təxminən 14 illik yaradıcı zəhmətin nəticəsində ortaya çıxan operanın şöhrəti qısa bir müddətdə Azərbaycanın sərhədlərini aşdı. Beş pərdəlik operada klassik opera sənətinə xas bütün əlamətlərlə xalq musiqimiz - muğamlar, aşıq musiqisi bir-birini tamamlayaraq sənət şedevri yaratmışdı.
   «Koroğlu» operası ilk dəfə tamaşaya qoyulandan bəri uğur bu əsərlə qoşa addımlayır. Opera 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyət və incəsənət dekadasında göstərildi və 1941-ci ildə bu əsərə görə Üzeyir bəyə o zamanın ən ali dövlət mükafatlarından biri - Stalin mükafatı verildi.
   «Koroğlu»nun quruluşçu rejissoru İsmayıl Hidayətzadə, quruluşçu rəssamı Rüstəm Mustafayev olub. İlk tamaşada dirijorluğu müəllif etsə də, sonralar uzun illər boyu bu əsərə Xalq artisti Əşrəf Həsənov dirijorluq edib.
   Koroğlu obrazını 400 dəfədən çox yaratmış Bülbül hələ də bu partiyanın əvəzsiz ifaçısı sayılır. Üzeyir bəy məhz Bülbülün səs imkanlarını nəzərə alaraq Koroğlu partiyasını bəstələyib.
   «Koroğlu» rus dilində tamaşaya qoyulduqda isə Azərbaycanın Xalq artisti Aleksandr Drozdov uzun illər bu partiyanın ən yaxşı ifaçılarından hesab edilib. Bülbüldən sonra bu partiyanı SSRİ Xalq artisti Lütfiyar İmanov, Əməkdar artist Adil Məlikov oxuyublar. Son illərdə isə Opera və Balet Teatrında çalışan cavan tenorlar, Əməkdar artistlər Həsən Enami və Samir Cəfərov Koroğlu qiyafəsində səhnəyə çıxırlar.
   Koroğlu ilə müqayisədə Nigar obrazının səhnə taleyi əvvəldən o qədər də uğurlu gətirməyib.
   Nigar obrazının ilk ifaçısı Gülarə İsgəndərova və başqa qadın vokalçılar səs imkanları və aktyorluq məharəti baxımından Koroğlunun kölgəsində qalıblar. Lakin 1950-ci ildən başlayaraq bu partiyanın ən yaxşı ifaçıları SSRİ Xalq artistləri Firəngiz Əhmədova və Fidan Qasımova, Azərbaycanın Xalq artisti Xuraman Qasımova və Qərinə Kərimova, əməkdar artist Zemfira İsmayılova sayılırlar.
   «Koroğlu» sovet dövründə dəfələrlə bizim teatrın qastrolu zamanı ittifaqın ən böyük şəhərlərində oynanılıb və bir neçə ittifaq respublikalarında da tamaşaya qoyulub.
   Operanın ümumxalq məhəbbətini qazanmasının başlıca səbəbi isə Üzeyir bəyin möhtəşəm musiqisidir. Ötən əsrin 80-ci illərinin sonunda «Koroğlu»nun uverturası Azərbaycan xalqının müstəqillik mübarizəsində himn, cəngi missiyasını yerinə yetirib. İnsanı zülmə, asılılığa dözməmək çağırışı, vətənpərvərlik ruhudur «Koroğlu»nu bizə sevdirən! Elə bu səbəbdən də «Koroğlu» operası daim bizim ən sevimli musiqi abidəmiz olaraq yaşayacaq!
   
   Gülcahan Mirməmməd