Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən “Kiçik həcmli pyeslər” müsabiqəsi keçirilir. Əsərlər Azərbaycan və ya rus dillərində 1 oktyabr 2010-cu il tarixinədək qəbul edilir.
   
   Müsabiqə xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin inkişafı, gənc yazıçıların bədii keyfiyyətə malik ədəbi əsərlərini dəyərləndirmək və təbliğ etmək məqsədi daşıyır.
   Müsabiqəyə 25 min işarədən artıq olmayan birpərdəli pyes və hekayələr qəbul olunur:
   - Əsər əvvəllər heç bir mətbu orqanında nəşr edilməməlidir.
   - Müəllif fotoşəklini və özü haqqında məlumatı materiala əlavə etməlidir.
   - Pyeslər Bakı şəhəri, M.Ş.Vazeh küçəsi, 4 ünvanında və ya elektron variantda editor@baku-art.com ünvanında qəbul edilir.
   - Seçmə turundan keçən materiallar www.baku-art.az saytında dərc ediləcək.
   - Qaliblər peşəkar münsiflər heyəti tərəfindən bir ay ərzində 2010-cu il noyabrın 1-dək müəyyən ediləcək.
   - Ən yaxşı əsərlər kiçik həcmli pyeslər toplusunda yer alacaq. Bu topludan seçilmiş əsərlər xalq teatrları və dram dərnəkləri tərəfindən səhnələşdiriləcək.
   “Kiçik həcmli pyeslər” müsabiqəsinin münsiflər heyətinə Əli Əmirli (yazıçı-dramaturq, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti), Aydın Talıbzadə (teatrşünas, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti), Atababa Hacıbabayev (yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi), Rəhman Əlizadə (yazıçı-dramaturq, A.Şaiq adına Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi), Azad Şükürov (Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist) daxildir.
   Qaliblərin elan olunması və mükafatların təqdimat mərasimi dekabrın əvvəlində keçiriləcək. Mükafat olaraq birinci yer üçün 500 manat, ikinci yer üçün 300 manat, üçüncü yer üçün 200 manat və üç həvəsləndirici hədiyyə veriləcək.
   Qeyd edək ki, bütün xərclər tərtib edilmiş smetaya uyğun olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təmin edilir. Dövlət təşkilatları, ictimai və özəl təşkilatlar (birliklər) müsabiqənin qalibləri üçün öz xüsusi mükafat və prizlərini təsis edə bilərlər.
   
   İntiqam Hacılı