Azərbaycan Dövlət Musiqili Komediya Teatrı teatrsevərləri bir sıra yeni layihələrlə sevindirəcək. Teatrın mətbuat xidmətindən bildiriblər ki, Xalq artisti Arif Məlikovun “Ləpələr” operettası 45 ildən sonra yenidən oynanılacaq. Məşqlər sentyabrın 1-dən başlayacaq, tamaşaçılar operettaya ilin sonunda baxa biləcəklər.
   Teatrın ilin sonunadək nəzərdə tutulan digər layihələrindən biri gürcü dramaturqu A.Saqarelinin “Xanuma” pyesinin iki dildə - Azərbaycan və rus dillərində tamaşaya qoyulmasıdır. Bu məqsədlə Gürcüstanın tanınmış rejissoru Qoça Kapanadze Bakıya dəvət olunub. Tamaşada baş rolları xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, əməkdar artistlər Elçin Həmidov, İzabella Şvets, Əkbər Əlizadə və başqaları ifa edəcəklər.
   Bu tamaşanın da məşqləri sentyabrın 1-dən başlanacaq. Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ər və arvad” əsəri əsasında səhnələşdirilən tamaşa isə artıq hazırdır. Səhnə əsəri sentyabrda, bəstəkarın 125 illik yubileyi ərəfəsində teatrsevərlərə təqdim olunacaq.