Aleksandr Smirnov
   
   
   (İxtisarla)
   
   Yaşamaq, hər şeydən əvvəl, yavaş-yavaş ölümə alışmaqdır. Əbədi ölüm qorxusundan qurtulmağın min cür yolu var. Qədim yunan filosofu Epikur kimi özünü dilə tutarsan ki, ölümün bizə heç bir dəxli yoxdur: nə qədər biz varıq - o yoxdur, nə vaxt o gələcək - biz olmayacağıq. Hərçənd ki, bu cür düşünmək özünlə oynadığın gizlənpaça oxşayır. Bir şey ki, hamını, özü də hər an gözləyirsə, ondan necə yaxa qurtarmaq olar? Orta əsr fransız mütəfəkkiri Mişel Monten (1533-1592) kimi ölümə çəkinmədən, olduğu kimi baxmaq və onu hər an yada salmaq daha düzgün olmazdımı? Nəinki insanın dünyadərki, həm də həyati şeylər bundan asılıdır. Elə adamların peşə seçməsini götürək. Hər bir peşə mahiyyətcə ölümü dəf etmək, yaxud ona kələk gəlmək və əməllərinin sayəsində adamların yaddaşına həkk olmaq cəhdindən başqa bir şey deyil. Elələri də var ki, ölümlə təkbətək mübarizəyə və onun gözünə dik baxmağa üstünlük verir. Onlar həkim, ruhani, ya da cinayətin qarşısını alan qanun keşikçiləri olurlar. Qəribə də olsa, ədəbiyyatçılar və jurnalistlər də ölümlə bilavasitə açıq-aşkar vuruşurlar; baxmayaraq ki, onların silahlı skalpel yox, sözdür. Bax, məsələ nə cürdür: alimlər sübut eləyib ki, insanın mənimsədiyi informasiya bioloji vaxtı yavaşıdır. Belə çıxır ki, qəzet və kitablar oxucunun ömrünü uzadır, yəni ömür boyu düşündüyümüzün əksinə nə qədər çox bilirsənsə, o qədər də çox yaşayırsan.
   M.Montenə görə, ölüm haqda düşünmək, elə azadlıq haqqında düşünməkdir. Beləliklə, gəlin, ölüm barədə yazıçı ilə birgə düşünək. Xüsusən də Siseron deyir ki, filosofluq eləmək - özünü ölümə hazırlamaqdır...
   Əgər ölüm qaçılması mümkün olan düşmənə bənzəsəydi, bu silahdan qorxaqların faydalanmağını məsləhət bilərdim. Lakin ondan yan keçmək mümkün deyil. Ölüm - hiyləgər, yaxud düz adam olsun, fərqi yoxdur - ondan qaçanları eyni cür haqlayır; onda gəlin ölümü qarşılamağı və onunla təkbətək döyüşməyi öyrənək. Atımızın ayağı büdrəsə, damdan kirəmit qopub düşsə, əlimizə sancaq batsa... hər dəfə öz-özümüzə təkrar edək: «Bəlkə elə mənimki də bura qədərmiş?» Bu, ürəyimizi bir az da təpərləndirəcək. Kefimizin yuxarı olan vaxtında belə qoy bizi gözləyən qisməti yada salan həmin nida daim qulaqlarımızda səslənsin.
   Kef-damağa elə də uymayaq ki, hərdən də düşünməyək: daim ölümə nişangahıqsa, bizim şadyanalığımız necə də ötəridir, həyatımız hansı gözlənilməz zərbələrə məruz deyil?
   Qədim misirlilərdə adətdi - təntənəli məclisə ləziz təamlarla yanaşı, hər hansı mərhumun mumiyasını da gətirərdilər ki, axirət gününü unutmasınlar. «Hər hansı günü bəxtinə düşən sonuncu bil və onda ümid bəsləmədiyin anlar sənin üçün göydəndüşmə olacaq» (Horatsi). Ölüm bizi harda gözləyir, bilmirik, onunla hər addımda rastlaşa bilərik...
   ...Həyat bizim əlimizdən tutub sakitcə, üsulluca gözəgörünməz bir enişlə aparıb gedir, əl altdan özünə ram edibən yazıq bir günə salanacan... Belə olur ki, gəncliyimizin əcəlinə yetəndə belə tükümüz də tərpənmir - əslində bu, hardasa işartısı qalan ömrün birkərəmlik axırından, ya da qocalığın son qismətindən daha amansızdır. Axı, mənhus gerçəklikdən məchulluğa adlamaq, məsud olumdan ələmli gerçəkliyə adlamaqdan nisbətən asandır.
   ...Həyata göz açmağımız necə bizim üçün hər şeyin doğulmasıdır, göz yummağımız da eləcə hər şeyin ölümü olacaq. Buna görə də, yüz il sonra sağ qalmayacağımıza ağlamaq, yüz il əvvəl yaşamadığımıza ağlamaq kimi cəfəng bir işdir.
   Bircə dəfə baş verən şey ağır ola bilməz. Belə tez ötüb keçən bir şeyin qarşısında zaman-zaman əsməyin mənası varmı? Çoxmu yaşamaq, azmı yaşamaq - əgər hər ikisi ölümlə qurtarırsa - eyni şey deyilmi? Artıq həyatda olmayan üçün ömrün nə azı, nə çoxu?.. Hipanis çayında vur-tut bir gün ömür sürən cücülər yaşayır. Onlardan səhər saat səkkizdə öləni cavan, gündüz saat beşdə ölənləri isə ahıl yaşda ölmüş olur. Ömrünün uzunluğuna görə indi bu cücülərdən hansını xoşbəxt, yaxud bədbəxt saymaq olar? Bu, gülməli deyilmi? Əgər ömrümüzü əbədiyyətlə, yaxud dağların, çayların, ulduzların, ağacların və hətta bəzi canlıların ömrü ilə müqayisə etsək, biz də həmin cücülərin günündəyik.
   Təbiət bizi kefimiz istəyən qədər yaşamağa qoymur. O deyir: «Bu dünyaya necə gəlmisinizsə, eləcə də gedin!
   Bir vaxtlar özünüz də bilmədən ölümdən həyata adladığınız kimi, indi də zəhmət çəkib həyatdan ölümə adlayın.
   Sizin ölümünüz kainatın düzümündəki həlqələrdən biridir; o, külli-kainatın bir həlqəsidir.
   Əcəba, sizə görə dünyanın nizamını pozmalıyammı?.. Anadan olduğunuz gündən yaşadığınız qədər də ölürsünüz. Siz yaşadığınız hər anı həyatdan oğurlayırsınız; yaşamağınız elə bu hesabadır. Bütün ömür boyu fasiləsiz məşğuliyyətiniz ölüm göyərtməkdir. Həyatda ola-ola Siz ölümün cəngində olursunuz, ona görə həyatı tərk etməmişdən əvvəl ölüm Sizdən əl çəkməyəcək...»
   ...Və əgər cəmi bircə gün yaşamısınızsa, Siz artıq hər şeyi görmüsünüz. Bütün sonrakı günlər də əvvəlkilər kimidir. Başqa cür işıq, başqa cür qaranlıq yoxdur. Bu Günəş, Ay, ulduzlar... kainatın bütün bu düzümü həmənkidir - əcdadlarımızın görüb getdikləridir. Gələcək nəsillər də beləcə... Dünyanın hər üzünü görmək üçün bir il bəs edir. Əgər fəsillərin əvəzlənməsinə fikir vermisinizsə, onda görmüsünüz: bu dörd fəsildə dünyanın bütün yaş çağları öz əksini tapıb - uşaqlıq, gənclik, yetkinlik və qocalıq. İlin başa çatması ilə bütün bunlar da başa çatır və hər şey təzədən başlayır. Və həmişə də belə olacaq... Başqaları Sizə yer verdiyi kimi, Siz də başqaları üçün eləcə yer verin. Ədalətə gedən yol bərabərlikdən başlayır. Əgər axırda hamını eyni qismət gözləyirsə, onda bu qismətdən kim şikayətlənə bilər? Bu dünyada nə qədər yaşasanız da, o dünyada olacağınız müddəti azalda bilməyəcəksiniz...
   Doğrudanmı fikirləşirsiniz ki, gecə-gündüz dayanmadan getdiyiniz o yerə heç vaxt çatmayacaqsınız? Yəni elə yol varmı ki, onun axırı olmasın?
   Bəs ölüm nədir? Ölüm həyatın məqsədidir. Ölümün nə olduğunu səhih bilməməyiniz bir daha sübut edir: məqsəd yox, yalnız ona çatma, məchulluğa aparan yol vacibdir - yəni həyatın özü.
   Montenin fikrincə, insanlar həyatdan bezməsin və bununla yanaşı ölümdən qorxmasınlar deyə, təbiət həyata da ölümə də yarıbayarı şirinlik və kədər qatıb.
   Fales deyirdi ki, ölüm və həyat elə bir şeydir. Kim ki ondan soruşurdu, əgər elədirsə, bəs niyə ömür, filosof cavab verirdi: «Elə onə görə ki, məhz ikisi də bir şeydir».
   
   Ruscadan çevirəni:
   Qorxmaz Şıxalıoğlu