Rus Dram Teatrının səhnəsinə “yağış yağıb”
   
   Noyabrın 12-dən Bakıda start götürən Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi çərçivəsində son səhnə əsəri Kanada teatrının təqdim edəcəyi “Yağış” tamaşası oldu. Noyabrın 25-dən başlayaraq Azərbaycan Dövlət Rus Dram Teatrında təqdim olunan tamaşanın son nümayişi ayın 30-da gerçəkləşdi. 
      
   Kanadanın “Eluaz” sirkinin aktyorları tərəfindən göstərilən “Yağış” tamaşası 2004-cü ildə Daniele Finsi Paska tərəfindən tamaşaya qoyulub. “Yağış” sirk, akrobatika, yeni, fərqli teatr elementləri ilə zəngindir. Tamaşada aktyorlar həm sirk tryukları göstəriblər, həm musiqi alətlərində çalıb oxuyublar və uşaqlıq xatirələrindən, arzularından, qorxularından və ilk məhəbbətlərindən danışıblar. Səhnə əsəri elə tamaşanın adına uyğun olaraq yağışla yekunlaşıb. Aktyorlar sürəkli yağan yağış altında yaddaqalan çıxışlar nümayiş etdiriblər. Kanadalı aktyorlar tamaşaçılar tərəfindən uzun müddət ayaqüstə alqışlanıblar.
   Kanadanın “Eluaz” sirkinin bədii rəhbəri Jan Penşo, əsas aktyorları isə Oksana Burli və Karr Eşlidir.
   Beləliklə, Bakıda Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi sona çatdı. Festival çərçivəsində üç tamaşa göstərildi: Fransanın “Kiçik saatlar şirkəti” tərəfindən “Yeni sirk” janrında hazırlanan “Aureliyanın oratoriyası” (quruluşçu rejissoru, konsepsiya müəllifi Çarli Çaplinin qızı Viktoriya Tyere); Moskvalı rejissor Vladimir Pankovun Yanka Kupala adına Belarus Akademik Dram Teatrının bazasında “SounDrama” janrında səhnələşdirdiyi “Toy” tamaşası və son olaraq “Yağış” tamaşası...
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Teatr Xadimləri İttifaqı, “Procent” şirkəti, eləcə də Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının iştirakı ilə təşkil olunan festival “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən keçirilib.