Dekabrın 8-də Aktyor Evində festivalın baglanış mərasimi olacaq
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilən «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramında respublika və beynəlxalq səviyyəli festivalların, konqreslərin, elmi-praktiki konfransların keçirilməsi nəzərdə tutulub. Dövlət Proqramında müvafiq bəndlərin həyata keçirilməsini təmin etmək məqsədilə 2010-cu ilin fevral ayında Milli Teatr Festivalına start verilmişdi.
   Festivalda respublikada fəaliyyət göstərən 27 teatr iştirak edib, tamaşalar respublikanın müxtəlif teatrlarının səhnəsində oynanılıb.
   Aktyor Evinin foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilib, festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə dəyirmi masalar təşkil olunub.
   Festival üç mərhələdə keçirilib. Birinci mərhələ 2010-cu ilin fevral-mart aylarında, ikinci mərhələ aprel-iyun aylarında keçirilib, üçüncü - sonuncu mərhələ isə oktyabr-dekabr aylarını əhatə edib.
   Beləliklə, Milli Teatr Festivalı sona çatdı. Dekabr ayının 8-də, saat 17.30-da Aktyor Evində Milli Teatr Festivalının baglanış mərasimi olacaq.