Üzeyir Hacıbəylinin ölməz əsəri 1959-1991-ci illərdə Çin Xalq Respublikasında 300 dəfə nümayiş olunub
   
   Xəbər verdiyimiz kimi, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Opera və Balet Teatrı, Çin Milli Operasının birgə səyləri nəticəsində Pekin şəhərindəki Tiançiao Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası çin dilində səhnəyə qoyulub. Azərbaycanın Çindəki səfirliyindən verilən məlumata görə, tədbirdə Çin Milli Operasının direktoru Yü Fenq, Çinin bir sıra nazirlikləri, elm, təhsil, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri, Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev, MDB ölkələri, Türkiyə, Pakistan, İran, İraq, Vyetnam, Monqolustan və Əfqanıstanın Çindəki səfirləri, Pekindəki Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
   Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin və Əməkdar rəssam Tahir Tahirovun səyləri ilə hazırlanan tamaşaya Azərbaycan milli rəngarəngliyi verilib, səhnə dizaynı təkmilləşdirilib. Operetta 2 akt və 4 pərdədən ibarət olub.
   Çin Milli Operasında “Arşın mal alan” operettasının səhnəyə qoyulması ilə bağlı brifinq də keçirilib. Operanın direktoru Yü Fenq “Arşın mal alan”ın vaxtilə uzun müddət Çin səhnəsində nümayiş olunduğunu nəzərə çatdırıb. Qeyd edək ki, “Arşın mal alan” Tiançiao teatrında ilk dəfə 1959-cu ilin iyununda səhnəyə qoyulub. Əsər həmin vaxt Çinin paytaxtında səhnəyə qoyulan ilk xarici operetta olub. “Arşın mal alan” 1991-ci ilədək Çinin müxtəlif şəhərlərində 300 dəfə nümayiş olunub.