İrəvan Azərbaycan Dövlət Dram Teatrında qəhrəman türk şəhidlərinin xatirəsinə həsr olunmuş yeni səhnə əsəri üzərində məşqlər aparılır. "Soyqırım abidəsinin dastanı" adlanan tamaşaya türk yazıçısı Zehni Papaqçının ssenarisi əsasında quruluş verilir. Səhnə əsəri ermənilərin türklərə qarşı törətdiyi soyqırımlardan bəhs edir.
   Teatrının direktoru İftixar Piriyevin verdiyi məlumata görə, səhnə əsəri dastan formasında nəql edilir. Tamaşanın əsas süjet xətti isə Qarabağ müharibəsi və onun Azərbaycan xalqına vurduğu zərbə üzərində qurulub. Türkiyəli yazıçı Zehni Papaqçı qeyd edib ki, əsərin son hissəsində Qarabağ hadisələrinin necə cərəyan etməsi qabarıq şəkildə göstərilib.
   Tamaşada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun da obrazı canlandırılıb. Türk yazıçısının sözlərinə görə, döyüşçü qəhrəmanlığı ilə Türkiyədə də ad qazanıb.
   Tamaşada rolları xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, Süleyman Nəcəfov, əməkdar artistlər Esmiralda Şahbazova, Vidadi Əliyev, Vaqif Kərimov, aktyorlardan Niyaməddin Səfərəliyev, Nurbəniz Niftəliyeva, Pərviz Gülməmmədov, Əhliman Ərşədov, Anar Sadiqov və başqalari ifa edir. İki hissədən ibarət tamaşanın musiqi tərtibatı və səhnə quruluşu Zehni Papaqçıya məxsusdur.