Azərbaycan Dövlət Rus Dram Teatrı martın 10-dan 14-dək Rusiya Federasiyası Mordoviya Respublikasının paytaxtı Saransk şəhərində keçiriləcək VI Beynəlxalq "Sooteçestvenniki" teatr festivalında iştirak edəcək.
   
   Festivalda Azərbaycan aktyorları teatrın bədii rəhbəri Aleksandr Şarovskinin məşhur fransız klassiki Jan Rasinin pyesi əsasında səhnələşdirdiyi "Fedra" tamaşasını təqdim edəcəklər.
   Festivala dəvətin gerçəkləşməsində bu tamaşanı Bakıda izləmiş olan məşhur Rusiya teatr tənqidçisi Natalya Staroselskoyanın mühüm rolu olub. O, tamaşa haqqında Rusiyanın "Literaturnaya qazeta" adlı nəşrdə yazdığı məqaləsində öz müsbət rəyini bildirib.
   “Fedra"nın musiqi tərtibatçısı Vladimir Neverov, baletmeysteri Fuad Osmanov, rəssamı Tahir Tahirovdur. Baş rolları Natalya Şarovskaya, Maqsud Məmmədov, Rita Əmirbəyova, Əsgər Rəhimov, Fuad Osmanov və başqaları ifa edir.
   “Sooteçestvenniki" festivalı dünyanın müxtəlif ölkələrindən rus teatrlarını bir araya toplayır.