Ankara Opera və Balet Teatrında Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi və TÜRKSOY və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə ölkəmizin Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti sənətsevərlərə təqdim olunub.
    
   Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay, Azərbaycanın qardaş ölkədəki səfiri Faiq Bağırov, müəllif Polad Bülbüloğlu, TÜRKSOY-un baş katibi Düsen Kaseinov tamaşaya baxanlar arasında olublar.
   İlk dəfə 2005-ci ildə səhnəyə qoyulan baletin librettosu “Dədə Qorqud” dastanının motivləri əsasında yazılıb. Əsəri Rusiya Federasiyasının məşhur Yekaterinburq Opera və Balet Teatrı səhnələşdirib. Baletdə klassik simfoniya, folklor və xalq rəqslərinin sintezi diqqəti cəlb edir. Baletin librettosunun müəllifi və xoreoqrafı Nadejda Malıqina, orkestrin şefi Pavel Kliniçevdir. Polad Bülbüloğlu əsərinin Ankara Opera və Balet Teatrında tamaşaya qoyulmasını əlamətdar mədəniyyət hadisəsi kimi qiymətləndirib.