Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 260 nəfərə yaxın heyətlə işə başlayacaq. Teatrın direktoru İsrafil İsrafilov bildirib ki, hazırda işə qəbul olunacaq işçilərin sənədlərinin və müqavilələrin hazırlanması prosesi gedir. Bu proses yanvarın 27-də başa çatdırılacaq.
   Teatrın rəhbəri vurğulayıb ki, müqavilələrin müddəti müxtəlif olacaq. İşçilərlə vəzifəsindən və yerinə yetirəcək funksiyadan asılı olaraq 3 və 6 ay müddətli müqavilələr bağlanılacaq. Müqavilə ilə işə götürüləcək heyətlə müsahibə həyata keçiriləcək və onların müqavilənin şərtləri ilə razı olub-olmayacağına aydınlıq gətiriləcək. İşçilər müqaviləyə qarşılıqlı razılaşmaya əsasən imza atacaqlar.
   2011-ci ilin sonunadək Akademik Milli Dram Teatrında 5 tamaşanın hazırlanmasının plana salındığını bildirən direktor bu rəqəmin artacağını da istisna etməyib.