Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşa qoymaq üçün xarici ölkələrdən dəvət alan rejissorlar sırasında Kamran Şahmərdan da var. 
   Finlandiyanın İmatra şəhərində yaşayan Kamran Şahmərdan burada yaratdığı “Ağ və Qara” Teatrında çalışır. Rejissor son bir neçə ildə dövlət sifarişi ilə Azərbaycanın müxtəlif teatrlarında tamaşalar hazırlayıb. Onun son işi S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq yazıçısı Elçinin “Cəhənnəm kirayənişinləri” əsəri əsasında quruluş verdiyi eyniadlı tamaşa olub.
   Rejissorun yazıçı-dramaturq Elçinlə əməkdaşlığı bu il də davam edəcək. Rejissor bu dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində ədibin “Teleskop” əsərini səhnələşdirəcək. Tamaşanın məşqlərinə fevralın sonlarında başlanılacaq. Rejissor hazırlıq prosesinə başlamaq üçün fevralın 15-də Bakıya gələcək.