Dağıstan Respublikası İnformasiya Agentliyinin verdiyi xəbərə görə, Mahaçqalada Alimpaşa Salavatov adına Kumık Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyası üzərində işini tamamlamaq mərhələsindədir. Tamaşanın quruluşçu rejissoru İslam Qazıyev, rəssamı Arslangerey Akavovdur.
   Agentliyin verdiyi xəbərə görə, bu tamaşada kumık tamaşaçılarının ən sevimli, istedadlı səhnə ustaları Tutuxanım Osayeva, Baysoltan Osayev, İmam Akautdinov, Kamil Cabukov və truppanın istedadlı gəncləri iştirak edirlər. Martın ortalarında tamaşanın premyerasının keçirilməsi nəzərdə tutulur.
   Xatırladaq ki, Əli Əmirlinin 1999-cu ildə qələmə aldığı komediya elə həmin il ilk dəfə mərhum Hüseynağa Atakişiyevin quruluşunda Dövlət Gənclər Teatrında, 2003-cü ildə Bəhram Osmanovun quruluşunda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, daha sonralar isə Lənkəran, Gəncə, Sumqayıt, Qazax, Qusar (ləzgi dilində) teatrlarında tamaşaya qoyulub.
   “Varlı qadın” xarici ölkə teatrlarının diqqətini də cəlb edib. Komediya Tacikistanın paytaxtı Düşənbə şəhərində iki dövlət teatrında - rus və tacik dillərində, Qırğızıstanda Umuraliyev adına Bişkek Şəhər Teatrında qırğız və rus dilində, Qazaxıstanın paytaxtı Astanada M.Qorki adına Dövlət Rus Dram Teatrında tamaşaya qoyulub. M.Vohidov adına Tacikistan Dövlət Gənclər Teatrının “Varlı qadın” komediyası əsasında hazırladığı tamaşa Orta Asiya ölkələrinin II Beynəlxalq Teatr Festivalında iki nominasiya üzrə qızıl medala layiq görülüb.
   
   Təranə