Martın 27-də Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin «Koroğlu» operası təqdim olunacaq. Tamaşada Koroğlu rolunda ilk dəfə gənc vokalçı Ramil Qasımov çıxış edəcək. Teatrın direktoru Akif Məlikov bildirib ki, vokal imkanları nəzərə alınaraq, bu rol gənc vokalçıya həvalə olunub: «Opera sənətində Koroğlu partiyası vokal nöqteyi-nəzərdən çox mürəkkəb bir partiyadır. Ramil Qasımova Koroğlu rolunu etibar etməyimiz heç də təsadüfi deyil. Ramil çox böyük vokal imkanlarına malikdir, təmiz, cingiltili və gözəl səs tembri var. Vokal ustalığı, onu tamamlayan yüksək aktyorluq qabiliyyəti və digər müsbət xüsusiyyətlər bizə onu Koroğlu roluna dəvət etməyə imkan verdi. İnanıram ki, o bu partiyanın öhdəsindən müvəffəqiyyətlə gələcək və ən yaxın zamanda biz Koroğlu rolunun yeni bir ifaçısını qazanacağıq».
   Qeyd edək ki, tamaşanı Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov idarə edəcək.