Aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Belarus artistlərinin iştirakı ilə P.İ.Çaykovskinin “Qu gölü” baletinin tamaşası olacaq. Teatrın səhnəsində Belarus Akademik Böyük Opera və Balet Teatrının ustaları - Olqa Qayko və Oleq Yeromkin çıxış edəcəklər.
   Belarus baletinin priması Olqa Qayko “Filip Morris Debüt” balet mükafatı laureatıdır (2002-ci il). Onun repertuarında 23 solo partiyası, o cümlədən “Jizel” baletindən Jizelin, “Karmen-süita”dan Karmenin, “Romeo və Cülyetta”dan Cülyettanın partiyaları var. O.Qayko “Qu gölü” baletində Odetta-Odiliya rolunda bir çox ölkələrdə də uğurla çıxış edib. Belarus Opera və Balet Teatrının kollektivi bu tamaşanı Almaniya, Hollandiya, İspaniya, Çin, Portuqaliya, Fransa, İsveçrə və bir sıra başqa ölkələrdə göstərib.