Səhnə əsərinin tərtibatçı rəssamı Rusiyadan dəvət olunub
   
   Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin "Teleskop" tragikomediyası əsasında "Teleskop" tamaşası hazırlanır. Tamaşaya Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdan quruluş verib. Səhnə əsərinə tərtibat vermək üçün Rusiyanın məşhur tərtibatçı rəssamı Eduard Koçerqin Milli Dram Teatrına dəvət olunub. "Teleskop"un geyim üzrə rəssamı Eduard Koçerqinin həyat yoldaşı Anna Koçerqinadır. 11 şəkildən və 2 epiloqdan ibarət tragikomediyanın musiqi tərtibatı Həmid Kazımzadəyə həvalə olunub.
   Tamaşada rolları teatrın aparıcı aktyorları, xalq artistləri Füzuli Hüseynov, Ramiz Novruz, Hacı İsmayılov, Əjdər Həmidov, Kazım Abdullayev, Rafiq Əzimov, aktyorlar İlahə Həsənova, Şəhla İsmayılova, Rövşən Kərimduxt və başqaları ifa edir. "Teleskop" gələn ay teatrsevərlərə təqdim olunacaq.